Sahil Babayev: “Şəhid ailələri və qazilərlə bağlı sosial dəstək tədbirləri daha da genişlənəcək”
Prezident İlham Əliyevin tapşırığına əsasən, Vətən müharibəsi şəhidlərinin ailələri, müharibə iştirakçıları ilə bağlı görülən sosial dəstək tədbirləri qarşıdakı dövrdə daha da genişlənəcək.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında vurğulanıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qeyd olunan tədbirlər çərçivəsində artıq 100 mindən çox şəxsə 193 min xidmətin göstərildiyini deyib.
O, cari ilin altı ayının yekunlarına dair müşavirədə Prezident İlham Əliyev tərəfindən bu sahədə aparılan işlərə verilən yüksək qiymətə görə nazirliyin kollektivi adından dövlət başçısına minnətdarlığını ifadə edib. Bu yüksək etimadın nazirlik üçün həm də böyük məsuliyyət olduğunu vurğulayıb. Ölkə Prezidentinin uğurlu sosial islahatlar proqramının icrası, həssas qruplarla bağlı dəstək mexanizmlərinin gücləndirilməsi istiqamətində səylərin daim artırılacağını bildirib.
İclasda qeyd edilib ki, ötən il 3 il əvvələ nisbətən 5 dəfə çox olmaqla 3 min mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə verilib. Bu il üçün onlara daha 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub. Cari ilin birinci yarımilində artıq 600-ü təqdim olunub. 44 günlük Vətən müharibəsindən sonra 3600, ümumiyyətlə ötən dövrdə 12500-dən çox mənzil və fərdi ev bu kateqoriyalardan olanlara verilib.
Yaxın iki ayda daha 500 mənzil və fərdi ev veriləcək. Ümumilikdə dövlət başçısının tapşırığına uyğun olaraq nazirlik növbədə olan bütün şəhid ailələri və müharibə əlillərini yaxın gələcəkdə mənzil və fərdi evlərlə təmin edəcək.
Bu ilin ilk yarımilində Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində ötən ilin müvafiq dövrünə nisbətən 7,3 faiz, o cümlədən sosial sığorta daxilolmalarında 21 faizədək, Fondun xərclərində 5 faiz artım qeydə alınıb.
DSMF-nin əhaliyə ödənişləri 4,2 faiz və ya 102 mln. manat çox olmaqla 2 mlrd. 507 mln. manat olub. Bu dövrdə pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 4,5 faiz (104 mln. manat) çox olmaqla 2 mlrd. 443 mln. manat vəsait yönəldilib.
Pensiyaların orta aylıq məbləği 11 faizədək artaraq 364 manata, yaşa görə orta aylıq pensiya isə 10,2 faiz artaraq 395 manata çatıb. Son 6 ayda Vətən müharibəsi veteranlarına Prezidentin aylıq təqaüdlərinin proaktiv qaydada təyinatı proqramı da uğurla icra edilərək ödənişləri tam həyata keçirilib. 40 min ailəni və ya 173 min nəfəri əhatə edən ünvanlı sosial yardımın bir ailəyə düşən orta aylıq məbləği də 35 faiz artaraq 347 manata çatıb.
Yanvar-iyun aylarında Nazirliyin tabeliyindəki Dövlət Məşğuluq Agentliyi tərəfindən 16 min nəfər işlə təmin edilib, 5000-dən çox şəxs özünüməşğulluq proqramına, 1900-dək şəxs peşə hazırlığına, DOST İş Mərkəzi tərəfindən isə 4500-dək şəxs ödənişli ictimai işlərə cəlb edilib.
DOST mərkəzlərində son 6 ayda 313 minədək şəxsə xidmət göstərilib. Vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsi 98,7 faiz olub. Bu günlərdə isə DOST mərkəzlərində 1 milyonuncu vətəndaşa xidmət göstərilib. Bu il nazirlik işğaldan azad edilmiş bölgələrdə də DOST xidmətləri infrastrukturunun qurulması işlərinə start verib və Zəngilan rayonunun Ağalı kəndində ilk “Smart DOST” xidmət məntəqəsi istifadəyə verilib.
İclasda sosial sığorta və pensiya, sosial təminat, işsiz və işaxtaran vətəndaşların aktiv məşğulluq proqramlarına cəlb olunması, sosial xidmətlər, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti, övladlığagötürmə və digər sahələrdə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.