Dollah bahalaşır, avro ucuzlaşır, manat isə…. – Şərh
Avropa Mərkəzi Bankı (AMB) 11 ildən sonra ilk dəfə olaraq baza dərəcəsini kəskin artırıb. Tənzimləyici faiz dərəcəsini 50 faiz bəndi artıraraq 0,5 %-ə çatdırıb.
Qeyd edilib ki, İdarəetmə Şurası AMB-nin üç əsas faiz dərəcəsini 50 faiz bəndi artırmağa qərar verib: “2022-ci ilin iyulun 27-dən əsas yenidən maliyyələşdirmə əməliyyatları üzrə faiz dərəcəsi, marja kredit xətti və depozit xətti üzrə faiz dərəcələri müvafiq olaraq 0,5 %-ə, 0,75 %-ə və 0,00 %-ə qədər artırılacaq”.
Avropa Azərbaycan üçün böyük bazar olmasa da, regionun iqtisadi vəziyyəti bizim üçün çox maraqlıdır. Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmadığı üçün Avropa İttifaqı ilə əməkdaşlıq sazişi imzalanmır. Başqa sözlə, yeni və beynəlxalq bazarlara rahat çıxmaq üçün ilk tələb olunan ÜTT-ün standartlarını qəbul etməkdir.
Dollar-avro paritetinin gedişi bizim üçün xarici ticarət, turizm gəlirləri, eləcə də xarici borcların ödənilməsi baxımından böyük əhəmiyyət kəsb etmir. Amma AMB-nin baza dərəcəsini 50 baza bəndi artırması manatın avro qarşısında məzənnəsinin necə dəyişəcəyi istiqamətində bəzi narahatlıqlar doğurur.
İqtisadçı Xalid Kərimli bildirib ki, hazırda avronun zəifləməsi yox, dolların güclənmə prosesi gedir.
İqtisadçının müqayisəsinə görə, avro dollara nisbətən çox ucuzlaşıb: “Doğrudur, bu ucuzlaşma 0.99 hədlərində deyil, bir qədər möhkəmlənərək 1.02-yə yaxınlaşıb. Amma ümumi olaraq son il yarımın trendinə baxanda mütəmadi olaraq doların digər valyutalar qarşısında dəyər qazandığını görmək olar. Bunun da əsas səbəbi Amerika Mərkəzi Bankının inflyasiya ilə mübarizədə digər mərkəzi banklardan daha aqressiv və ardıcıl siyasət yürütməsidir.
İnflyasiya hər yerdə var. Avropadan fərqli olaraq Amerika inflyasiya ilə mübarizəyə daha tez başladı. Həm dövriyyəyə pul kəsib buraxmaq prosesini Avropadan tez dayandırdı, həm də mart ayından başlayaraq iki dəfə faiz artımına getdi. Hətta iclasların birində rekord faiz artımına da getmişdi. Avropa bu proseslərdə bir qədər ləngidi. Bunun səbəbi Avropanın vahid ölkə olmamasıdır. İttifaqa üzv 23-24 ölkənin hərəsinin fərqli iqtisadi modeli və mövqeyi var. Bu da Avropa Mərkəzi Bankının (AMB) Amerika Mərkəzi Bankı kimi sürətli davranışına mane olur”.
Analitik deyir ki, avronun dollara paritet (bərabər) olacağına dair proqnozlar əvvəldən olub: “Hazırda avronun hətta 95, 97 sentə qədər ucuzlaşacağına dair ehtimallar belə var. Bütün bunlar Avropa Mərkəzi Bankının bu gün keçirilən iclasından sonra verəcəyi bəyanatlardan asılı olacaq. Əgər Avropa Mərkəzi Bankı Amerika Mərkəzi Bankı kimi aqressiv sürətdə anti-inflyasiya tədbirlərin həyata keçirəcəyin bəyan etsə və addımlar atsa, avronun 1.03 sentdən yuxarı qalxması ehtimal olunur.
Avropada inflyasiya may ayında 8.1 faiz, iyun ayında isə 8.6 faiz olub. Enerji qiymətlərin çıxmaq şərti ilə aralıq qiyməti artıran amillər də aşağı düşüb. Məsələn, metallar ucuzlaşıb ki, bunlar bir müddət sonra inflyasiyaya gətirib çıxara bilir”.
Azərbaycan Mərkəzi Bankından hansı dəyişiklik gözlənilir?
Xalid Kərimli manatın dollara fiksə edildiyinə diqqət çəkib: “Bu o deməkdir ki, dollar bahalaşırsa, manat da bahalaşır. Avro ilə müqayisədə manatın bahalaşması inflyasiyanı aşağı çəkən amildir. Azərbaycan manatının real məzənnəsi 115 həddindədir. Bu o deməkdir ki, Azərbaycan manatı ilin əvvəlindən nominal məzənnəsinin bahalaşması hesabına ticari portnyorların valyutası ilə müqayisədə bahalaşır. Bu, ölkədə inflyasiyanın çox da sürətli olmamasına imkan yaradır. Doğrudur, ilin əvvəlindən inflyasiya var, amma manat bahalaşmasaydı inflyasiya daha çox ola bilərdi.
Yəni hökumətin anti-inflyasiya siyasətinin mərkəzində manatı dollara fiks edib stabil saxlamaq və dollarla birgə bahalaşdırmaq durur. Doğrudur, bu, iqtisadiyyatı və ixracı bahalaşdırır, amma indiki məqamda inflyasiyanı kontrol altına alır.
Hazırkı məqamda Mərkəzi Bankının bu siyasəti dəyişməyəcək. Ona görə ki, enerji qiymətləri yüksəkdir və tədiyyə balansında ilin əvvəlindən 12 milyard dollardan çox profsit var. Bu, Mərkəzi Banka hazırkı siyasəti davam etdirməyə, faiz dərəcələrin dəyişməyərək saxlamağa və manatı dollarla bir yerdə hərəkət etdirməyə imkan verir”./teleqraf.com