Bakıda Təbriz “çəkişmə”si: İran və İsrail səfirlərinin söz davası – FOTO
İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi İsrailin ölkəmizdəki səfiri Corc Dikin Twitter-dəki akkauntundakı tvitinə ultimatum formasında cavab verib.
S.A.Musəvinin cavab tviti belədir: “Bu işbaz oğlanın nəzərinə: sevimli Təbrizimiz İranın qürurlu tarixində ilklərin torpağı kimi tanınır. Görünən budur ki, Birinci Qəddar Sionisti də Təbrizin şərəfli sakinləri torpağa göməcəklər. Qırmızı cizgilərimizi heç zaman keçməyin!”
Xatırladaq ki, İsrailin Azərbaycandakı səfiri Corc Dik Twitter-dəki akkauntunda Təbrizdə Azərbaycan tarixi və mədəniyyətini öyrənməsilə ilə bağlı paylaşım edib.
“Bu yaxınlarda mənə hədiyyə edilən bu möhtəşəm kitabdan Təbrizdə Azərbaycanın tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm. Bəs siz, bu günlərdə nə oxuyursunuz?”, – C.Dik yazıb.
İsrail səfirinin bu tviti sosial şəbəkədə maraqla qarşılanıb. Ona şərh yazanlar Corc Dikin İranın Ali rəhbəri Əli Xameneinin dünənki paylaşımına eyham vurublar.
Xatırladaq ki, Zəngilana böyük qayıdışın reallaşdığı bir vaxtda Azərbaycanın sevincini həzm edə bilməyən İranın Ali rəhbəri Əli Xamenei isə tviterdə belə paylaşım etmişdi:
“Biz Qarabağın Azərbaycana qaytarılmasına sevinirik. Təbii ki, bu işdə İran-Ermənistan sərhədini bağlamaq siyasəti olarsa, İslam Respublikası buna qarşı çıxacaq, çünki bu sərhəd min illik rabitə yoludur”./milli.az