Xameneinin Ərdoğana Zəngəzur “etirazı” və saxta “tarixi”

 

Xamenei Ərdoğanla görüşündə Zəngəzur dəhlizinə qarşı çıxıb. İran mediası yazır ki, Ali dini liderin Ermənistanla İran arasında “sərhədin bağlanmasını qəbul etməyəcəklərini” bildirib.

“Qarabağın Azərbaycana qaytarılmasından (azad edilməsi kimi qeyd olunmur – red.) məmnunuq. Əlbəttə, İranla Ermənistan arasında sərhədin bağlanması siyasəti olarsa, İslam Respublikası buna qarşı çıxacaq, çünki bu sərhəd min illərdir kommunikasiya yoludur”, – İran mediası Xameneinin Ərdoğana belə dediyini yazır.

Və Xamenei 1920 ildə Zəngəzurun Ermənistana verilməsi ilə yaranmış sərhədi “min illərdir” adlandırmaqla saxtakarlıq edir. Onun qarşı çıxdığı da Zəngəzur dəhlizidir.

Əvəllər də bu haqda yazmışıq: Azərbaycanın Naxçıvanla quru əlaqəsi dəhliz məntiqi ilə bərpa olunarsa, bu, Ermənistan-İran sərhədinin bu hissəsinin də bağlanması deməkdir; 44 günlük müharibə İranı işğal dövründə Qarabağdan “boz zona” kimi istifadə etmək imkanından məhrum etdi, Zəngəzur dəhlizinin açılması isə Tehranın Cənubi Qafqaza girişini böyük ölçüdə məhdudlaşdıracaq və Bakıdan asılı vəziyyətə gətirəcək, “kommunikasiyanın açılması dövlətlərin suverenliyi ilə həll edilməlidir, Ermənistan sərhədi “qırmızı xəttimizdir” mövqeyinin səbəbi də budur.

Zəngəzur yolunun “dəhliz məntiqi” ilə açılmasında Ankara və Bakı ilə yanaşı, Moskvanın da mövqeyi üst-üstə düşür:

Birincisi, “maneəsiz çıxış”ın nəzərdə tutulduğu 10 noyabr bəyanatı Rusiyanın vasitəçiliyi ilə əldə olunub: Bakı və Ankara Moskvadan özünün imza atdığı razılaşmanın icrasını tələb edir;

İkincisi, razılaşmanın icrası Rusiyaya Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçəcək hissəsinə nəzarət imkanı verir.

Bunun alternativi – Zəngəzurun “yol məntiqi” ilə açılması (yolda gömrük-keçid məntəqəsinin qurulması) Qərbin Ermənistan üzərindən nəzarət imkanı qazanması (Brüssel masasında “yol məntiqi” buna görə gündəmə gəlmişdi), eyni zamanda, Bakı və Ankaranın eyni rejimin Laçın dəhlizində də tətbiqini tələb etməsinə şərait yaradacaq. Ki, ruslar bu perspektivi də qəbul etmirlər.

Ərdoğan, Putin və Rəisinin Tehran zirvəsində müzakirə ediləcək məsələlərdən biri də bu olacaq. Bölgədəki şərtlər Zəngəzurdan “maneəsiz çıxışı” zəruri edir. Proseslərin mümkün inkişafı iki istiqamətdə ola bilər:

– Dəhlizin hərbi güc yolu ilə açılmasıdır: Ankara və Moskva Tehranla anlaşmasa və İran Ermənistan üzərindən prosesi pozmağa çalışarsa, bu ssenari işə düşə bilər: hərçənd, hadisələrin bu cür inkişafı Tehranı çətin vəziyyətə sala bilər;

– İranın dəhlizdə hansısa formada iştirakı təmin edilsin: bölgədə 3+3 formatının yaradılması planı fonunda bu mümkündür və istisna deyil ki, Tehran masasında bu məsələlər də olacaq.

Ankara və Bakı üçün əsas məsələ “maneəsiz çıxışın” əldə edilməsidir, ya müharibə, ya diplomatiya ilə bu məsələ həll olunmalıdır./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password