“Ermənistan rus əsarətindən xilas olmaq üçün Qarabağın statusu ideyasından imtina etməlidir” – “E-International Relations”
Türkiyəli alim M. Hakan Yavuzun müəllifi olduğu “Niyə muxtariyyət Qarabağ üçün həyatadavamlı həll variantı deyil” adlı məqaləsi “E-International Relations” nəşri tərəfindən yayımlanıb. Məqalədə əvvəl müəllif Qarabağa muxtariyyət statusunun beynəlxalq hüquqa zidd olması, zorakı münaqişələrin irsi və Qarabağda yaşayan ermənilərin Azərbaycan ümumi əhalisinin heç 0,1%-ni təşkil etməməsi səbəblərindən verilməsini düzgün saymadığını qeyd edib.
Məqalədə müəllif Qarabağa muxtariyyətin şamil edilməməsini digər arqumentlərlə də sübuta yetirir. Arqumentlərdən biri münaqişənin 30 ili ərzində tərəflərin resurslarını israf etməsi ilə əlaqədardır. Alimin gəldiyi nəticələrdən birinə görə, münaqişə ilk növbədə Ermənistanın milli maraqlarına cavab vermirdi. H. Yavuz Ermənistan əhalisinin 1994-cü ildə 3,3 mln. nəfərdən 2021-ci ildə 2,9 mln. nəfərə qədər azalmasının əsas səbəbini münaqişə ilə əlaqələndirir.
Alimin növbəti arqumenti xalqların öz müqəddəratını təyinetmə prinsipinin Qarabağ ermənilərinə şamil olunmamasıdır. Müəllif bunun beynəlxalq hüquqa zidd olduğunu qeyd edib, qondarma “DQR”-nın Ermənistan daxil heç bir ölkə tərəfindən tanınmadığını bildirir. H.Yavuza görə, etnik qruplara və ərazilərə muxtariyyətin verilməsi səlahiyyəti yalnız suveren dövlətlərə məxsusdur. Belə ki, bu beynəlxalq sistemin stabilliyinə, sülh və təhlükəsizliyə və icmaların rifahına şərait yaradır.
Alimin fikrinə görə, Aland adaları modeli Qarabağ regionuna şamil oluna bilməz. Finlandiya tərkibində yüksək muxtariyyətə malik isveçlilər yaşadıqları ölkəyə qarşı demək olar ki, silahdan və ya kütləvi etnik təmizləmələrdən istifadə etməmiş və Finlandiyanın Rusiyadan azadlıq müharibəsini dəstəkləmişlər.
Müəllif muxtariyyəti həm də ona görə düzgün saymır ki, qanlı zorakı münaqişədən sonra etnik muxtariyyət, parçalanmanın dərinləməsi və münaqişənin institusionallaşmasına səbəb olacaqdır. Sahənin aparıcı araşdırmaçılarına istinad edən alim, münaqişələrin əbədiləşməsi və resursların israfçı xərclənməsi səbəblərindən muxtariyyəti produktiv saymır. Fakt kimi müəllif Yuqoslaviya, SSRİ və İraq nümunələrinə müraciət edir.
Muxtariyyətin həyatadavamlı olmadığını alim cəmiyyətdə qütbləşmə yaratması, fərqli etnik qruplar arasında milli interqasiyaya mane olması, ümumi identiklik və yaddaşın formalaşdırılması funksiyasını mənimsəməsi və öz şəxsi maraqlarını ümumi maraqlarından üstün tutan millətçi liderli anklavların yaranması ilə əsaslandırır. Deyilənlər əsasında Qarabağ münaqişəsinin tarixinə qayıdan müəllif ermənilərin Azərbaycan SSRİ tərkibində yüksək muxtariyyətə malik olduğunu xatırladıb, SSRİ-nin parçalanacağından istifadə edərək separatçı hərəkatı gücləndirdiklərini bildirir. Onun fikrincə, ermənilərə muxtariyyətin verilməsi onlarda azərbaycanlılara qarşı nifrətinin artmasına və gələcəkdə onlardan qisas almaq cəhdlərinə səbəb ola bilər.
H. Yavuza əsasən, hazırda Qarabağ və Ermənistanda iqtidara qarşı zorakı çağırışlar var. Radikal elementlər Qarabağın Ermənistanla birləşdirilməsi və ya Rusiyanın protektoratı altına keçməsi ilə bağlı ideyalar səsləndirirlər. Bununla belə alimə görə, Qarabağın müstəqillik və ya Ermənistanla birləşmə məsələsi İkinci Qarabağ müharibəsindən sonra iflasa uğradı.
H. Yavuz Qafqazda DQMV nümunəsində muxtariyyətin həm Azərbaycan, həm də Ermənistanın məhdud resurslarını israf edib, hər iki tərəfə müstəqilliyin üstünlüklərini tam reallaşdırmağa imkan vermədiyini bildirir. Müəllif xüsusilə Ermənistanın münaqişə səbəbindən Qafqazda Rusiya protektoratına çevrildiyini bildirir.
Müəllif Ermənistan üçün tam müstəqilliyin əldə edilmə yolunu da müəyyən edir: Ermənistan tam müstəqil olub, Qafqaz regionuna inteqrasiya etmək istəyirsə Rusiyadan indiki qədər asılı olmamalıdır. Asılılığı azaltmağın yeganə yolu ermənilərin rifahına səy göstərmək və Qarabağ ermənilərinin mədəni hüquqlarının təmin edilməsi üzrə Azərbaycanla birlikə işləməkdir. Ermənistan öz iqtisadi resurslarını və siyasi stabilliyini Azərbaycanın tərkibində yaşayan erməni qrupu üçün qurban verməməlidir.
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi