Biz Bakı limanının regionda rolunu artırmağı hədəfləyirik – Mehmet Albayrak
Türkiyənin “Albayrak Holding” şirkətlər qrupu ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında Bakıda liman terminallarının idarə edilməsinə dair imzalanmış saziş yükdaşımaların inkişafı və axınını sürətləndirəcək.
Bu barədə özəl müsahibəsində “Albayrak Holding”in rəhbəri Mehmet Albayrak deyib.
Onun sözlərinə görə, “Albayrak” əldə olunan razılaşma çərçivəsində onun icrasını sürətləndirmək üçün lazımi səyləri göstərəcək.
“Biz Bakı limanının regionumuzdakı rolunu, eləcə də onun logistik imkanlarını artırmağı hədəfləyirik. Qvineya, Somali, Trabzon limanlarını idarə edirik. Peşəkar kadrlarımız var. Mütəxəssislərimizin Bakı limanına cəlb edilməsi Azərbaycanda ilk dövlət-özəl tərəfdaşlıq çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığa zəmin yaradacaq. Biz əlimizdən gələni edəcəyik ki, qısa müddətdə Bakı limanı qovşağa çevrilsin”, – deyə o bildirib.
Bundan əlavə, Xəzər regionu ölkələrinin yüklərin daşınmasına olan tələbatını ödəmək üçün digər növ yüklərin daşınması üçün infrastrukturun genişləndirilməsi nəzərdə tutulur:
“2-3 ildən sonra Bakı limanında bu yük axını xeyli artacaq. Gələcəkdə yeni müqavilələr imzalamağı səbirsizliklə gözləyirik”.
O, həmçinin qeyd edib ki, Bakı limanı ilə əməkdaşlıq Azərbaycanda iqtisadi əməkdaşlığın daha da inkişafı üçün əsasdır:
“Əminik ki, bizim sərmayələrimiz Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin, eləcə də yaxşı kənd təsərrüfatı potensialı olan digər rayonların bərpası üçün də faydalı olacaqdır”/trend.az