İran geri çəkilir: “Türkiyə ilə anlaşmağa məcburdur” – Şok iddia
Türkiyə, Rusiya və İran prezidentlərinin Tehranda görüşü keçiriləcək. Üç ölkə liderinin görüşü Suriya üzrə Astana prosesinin davamıdır, amma İranın paytaxtında siyasi-iqtisadi əməkdaşlıq məsələləri də müzakirə olunacaq. Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda belə bir görüşün keçirilməsi Tehran və Moskva üçün xüsusi önəm kəsb edir.
Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert bu görüşdən istifadə edəcək İranın bir sıra maraqlarını ön planda tutmağa çalışacağını bildirib:
“Birincisi, Tehran Qərblə nüvə danışıqlarında Moskva və Ankaranın tam dəstəyini almağa çalışır.
İkincisi, Türkiyə Şimali Suriyada PKK/YPG terror təşkilatına qarşı növbəti yeni hərbi əməliyyat keçirmək üçün hər iki ölkənin neytral qalması üçün danışıqlar aparacaq. İranın Ankaranın bu təklifinə razılıq verəcəyi inandırıcı görünmür. Tehrandan fərqli olaraq, Moskva Türkiyə ilə münasibətləri pozmamaq və əlaqələri normal müstəvidə aparmaq üçün neytral qalacaq.
Üçüncüsü, İran Türkiyəyə qarşı təzyiq rıçaqlarına malik deyil. Buna baxmayaraq, Tehran Ankara ilə münasibətlərində əlavə problemlər istəmir. Bundan əlavə, hər üç ölkə Cənubi Qafqazda 3+3 formatında əməkdaşlıq və bu istiqamətdə konkret addımların atılmasını razılaşdıra bilər. Rusiya üçün belə bir formatda görüş vacib sayılır. Çünki iqtisadi və siyasi sanksiyalarla üzləşən Rusiyaya indi etibarlı tərəfdaş hava-su kimi lazımdır”.
Məhəmməd Əsədullazadə qeyd edib ki, Türkiyə üçün ən vacib məqamlardan biri Şimali Suriyada anti-terror əməliyyatına münasibətdə hər iki ölkənin neytral qalmasıdır:
“Eyni zamanda, Türkiyə 3+3 formatı çərçivəsində İran və Rusiyanın Cənubi Qafqazda dayanıqlı sülh və stabilliyin bərqərar olması üçün Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmasını əngəlləməməsini istəyir. Türkiyə bu yöndə də Rusiya və İranla razılaşmağa çalışır.
Yeni dünya nizamı qurulur və regionda İran Türkiyənin bölgədə artan siyasi-iqtisadi mövqeyindən narahatdır. Xüsusilə Cənubi Qafqazda Ankaranın fəallığını özünə qarşı geostrateji təhdid kimi görür. Amma İranın Tehran görüşündə Türkiyə ilə razılaşmaqdan başqa çarəsinin qalmayacağını düşünürəm. Çünki İranın Türkiyədən fərqli olaraq, Cənubi Qafqazda manevr imkanları o qədər də geniş deyil.
Rusiya isə Tehran görüşündən Qərbə qarşı istifadə etməyə çalışacaq. Bu baxımdan, bu görüşün keçirilməsi təklifinin Moskvadan gəldiyinə şübhəm yoxdur”./teleqraf.com