Yeni Azərbaycan Partiyası xarici əlaqələri genişləndirir
İyulun 7-də Çin Kommunist Partiyasının təşəbbüsü ilə Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budagov və Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq əlaqələr şöbəsi müdirinin müavini Çiyan Xunşan arasında video görüş keçirilib.
Görüşdə partiyalar və dövlətlər arasındakı münasibətlərin yüksək inkişaf dinamikasından məmnunluq ifadə edilib. Dövlət başçıları arasındakı dostluq və yüksək siyasi dialoqun ölkələrimiz arasındakı münasibətlərin genişlənməsinə kömək etdiyi xüsusilə vurğulanıb.
Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budagov bildirib ki, Azərbaycan Respublikası Çin Xalq Respublikası ilə qarşılıqlı əlaqələrə böyük önəm verir. Ölkələrimiz arasında bu gün siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrimiz uğurla davam edir. Bu əlaqələrin inkişafında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpinin dostluq münasibətlərinin əhəmiyyətinin böyük olduğunu YAP Sədrinin müavini söyləmişdir.
Videogörüş zamanı Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq Əlaqələr Şöbəsinin müdirinin müavini Çiyan Xunşan da bildirib ki, Çin Xalq Respublikası Sədrinin və Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə müxtəlif sahələri əhatə edən əlaqələrimiz uğurla inkişaf edir. Azərbaycanın regionda Çinin əsas tərəfdaşı olduğu qeyd olunub. Çin Xalq Respublikası Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasında maraqlıdır, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir.
Həmçinin görüşdə bu iki partiya arasındakı əlaqələrin güclənməsinin zəruriliyi və qarşılıqlı səmərəli əməkdaşlığın inkişaf perspektivləri geniş müzakirə olunub.
Görüş zamanı Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyasının nümayəndələri arasında videokonfrans da keçirilib.
Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq Əlaqələr Şöbəsi müdirinin müavini Çiyan Xunşan ilə Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budagov arasındakı videogörüş Azərbaycan həqiqətlərinin Beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında böyük rol oynayır.
S.Qurbanov
Səbail YAP. “Ü.Hacıbəyli-68”
ƏPT sədri