İrandan Ermənistana növbəti jest – “Bayramov Bakıya çatmamış…”

 

“Ermənistanın son günlərdə atəşkəsi mütəmadi olaraq pozması və sülh danışıqlarından yayımasında Tehranın rolunu istisna etmək olmaz”.

Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert İran-Azərbaycan münasibətlərindəki son gəlişmələrə diqqət çəkib:

“İran Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasında maraqlı deyil. Bu xüsusda İran rəsmilərinin İrəvana səfəri və erməni həmkarları ilə danışıqlarda anti-Azərbaycan mövqeləri aydın görünür. Elə İbrahim Rəisinin özü bir neçə gün əvvəl Simonyanla görüşdə İranı Ermənistan üçün “çətin günün” dostu adlandırmışdı. Yəni hər şey gün kimi ortadadır.

İran Türkiyənin Cənubi Qafqazda, xüsusən də Azərbaycanda güclənməsindən narahatdır. Tehran bölgədə sülhün əldə edilməsinin Türkiyənin Cənubi Qafqazda geostrateji mövqeni bir qədər də möhkəmləndirəcəyindən, nəticədə Ermənistanın İranla yox, Ankaranın təsir dairəsinə düşəcəyindən ehtiyat edir. Amma bu ehtiyat və narahatlıq əbəsdir, Türkiyə artıq bölgədədir, həm hərbi, həm iqtisadi, həm də siyasi cəhətdən. Türkiyənin bölgəyə girişini əngəlləyə bilməyən İran qəzəblidir. Buna görə də Tehran hər vəchlə həm Zəngəzur dəhlizinin açılmasına qarşı çıxır, bu fonda da Azərbaycana qarşı “məzhəb kartı”nı istifadə etməyə çalışır. İran informasiya vasitələrindən Azərbaycanla yanaşı, Türkiyə əleyhinə də istifadə edir. Amma İran hər işdə olduğu kimi, bu siyasətində də gülüş doğurur. Əl atdığı bütün işləri üz-gözünə bulaşdırmaq İranın köhnə adətidir”.

Məhəmməd Əsədullazadə bildirib ki, İran Ermənistanla yaxınlığına görə Azərbaycandakı reputasiyasının ciddi şəkildə zədələndiyini bilir:

“Baş verənlərə baxmayaraq, Bakının münasibətləri normal məcraya qaytarmağa çalışır. Xarici işlər naziri Ceyhun Bayramovun İrana, Tehran rəsmlərinin da Bakıya səfərləri qarşı tərəfdən qaynaqlanan problemləri çözməli idi. Amma təəssüf ki, bunun əksini görürük. Bayramov Bakıya çatmamış xəbər yayıldı ki, İranın Təhlükəsizlik Şurasının katibi Əli Şamxani İrəvana gedəcək və getdi də. İran sakit dayanmır, əlbəttə, Azərbaycan əleyhinə yönəlmiş bu fəaliyyətləri daha çox onun özünə zərər vurur. Biz bundan heç nə itirmirik.

Bundan əlavə, Ermənistanın son günlərdə atəşkəsi mütəmadi olaraq pozması və sülh danışıqlarından yayımasında Tehranın rolunu istisna etmək olmaz. Azərbaycanın İrana qarşı bütün müsbət reveranslarına baxmayaraq, Tehran Bakıya qarşı məsafəli siyasətini davam etdirir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password