G7 Rusiyaya zərbə hazırlayır: əksi ola bilər – Ekspert
G7 ölkələrinin Rusiya neftini ucuz qiymətə almaq niyyətinin əsas səbəbi Rusiyaya daxil olan valyutanın azalmasıdır.
Bu sözləri G7 ölkələrinin rus neftinin qiymətinə məhdudiyyət qoymaq istəyi haqda danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, Rusiyanın enerji daşıyıcılarından əldə etdiyi gəlir müharibə başlayandan azalmayıb, əksinə, artıb:
“Ötən ilə nisbətən Rusiya bu il neft-qazdan iki dəfədən çox gəlir əldə edib. Həcmlər azalsa da, qiymət artımı hesabına Rusiyanın valyuta gəlirləri az qala günə 1 milyard dollar olub. Halbuki keçən il bu gəlir 300-350 milyon dolları ötmürdü. Sanksiyaların olmasına baxmayaraq, Rusiya daha çox pul qazanır.
Qərb dövlətləri indi yeni bir formul üzərində işləyir ki, Rusiya neftinə maksimum qiymət müəyyənləşdirsinlər. Belə bir ehtimal var ki, bu formulu pozan ölkə və şirkətlərə sanksiyalar tətbiq olunacaq.
Düzü, bu formulun həyata keçirilməsi çətin görünür. Bir neçə il bundan əvvəl İrana qarşı da bənzər qərar verilmişdi. İran sanksiyalar altında olanda öz neftini dünya qiymətlərinə pul şəklində yox, ərzağa, dərman preparatlarına və s. məhsullara dünya bazarındakı qiymətə uyğun dəyərdə dəyişə bilərdi.
Amma indiyə qədər belə bir şey olmayıb ki, hansısa bir dövlətə öz məhsulunu satmaq üçün bir qiymət qoysunlar və ondan yuxarı satmağa icazə verməsinlər. Bu sxemə hansı formada nəzararət olunacaq və necə həyata keçiriləcək?! Bununla bağlı aydın təsəvvürlər yoxdur. Çünki yeganə işlək mexanizm dünyanın sığorta şirkətlərinə qadağalar qoymaqdır.
Tankerlərlə neft daşımaları sığortalanmalıdır. Sığortalanmasa, nə alıcı, nə də satıcı öz gəmilərini dənizə çıxara bilər. Ona görə də bu sığorta şirkətləri vasitəsi ilə nəzarətin həyata keçirilməsi düşünülür. Mexanizm nədən ibarət olacaq və yaxud Çin və Hindistan buna məhəl qoymadan neft alışını davam edəcəksə, dünya nə edəcək?! Çin və Hindistana da böyük sanksiyalar tətbiq olunacaq? O zaman dünya iqtisadiyyatını nə gözləyər?!
Ona görə də ideya müzakirələrə açılıb, amma mexanizmlər ilə bağlı hələlik ciddi bir irəliləyişin olduğunu düşünmürəm. Onsuz da Rusiya neftini ucuz qiymətə satır”.
Ekspert qeyd edib ki, Rusiya neftinin qiyməti ilə bağlı qadağalar qoyulsa, Kreml əks addımlar ata bilər. Öz neftinin ixracatına qadağa qoya bilər ki, bundan sonra bazarda neftin qiyməti 200-250 dollara yüksələr. Bu isə Rusiyadan başqa digər ölkələrə də ziyan vuracaq:
“G7 dövlətlərinin hədəfi bəllidir. İstəyirlər, Rusiya daha az qazansın, müharibəyə daha az xərcləməyə məcbur olsun. Amma bunun reallaşması çox çətin görünür. Düşünmürəm ki, qısa zamanda işlək mexanizm hazır ola bilsin”, – ekspert deyib.
Xatırladaq ki, G7 ölkələri Rusiya neftinə qiymət məhdudiyyəti (40-60 dollar civarında satılması) ilə bağlı müzakirələr aparırlar./axar.az