SN: “Azərbaycanda meymunçiçəyinin diaqnostikası üçün bütün imkanlar mövcuddur”
Səhiyyə Nazirliyi Azərbaycana meymunçiçəyi testlərinin gətirilməsi ilə bağlı məlumat yayıb.
Məlumatda deyilir:
“Azərbaycana meymunçiçəyi test dəstləri gətirilib. Son zamanlar əsasən Afrika ölkələrində endemik olan meymunçiçəyi xəstəliyi hallarına digər ölkələrdə də rast gəlməsi bu xəstəliyin yayılma təhlükəsini gündəmə gətirib. Bununla əlaqədar, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi sözügedən xəstəliyin diaqnostik testlərinin alınıb ölkəyə gətirilməsi üçün ÜST-ə müraciət edib. Müraciətin nəticəsi olaraq, ÜST tərəfindən 3 min diaqnostik test artıq Azərbaycana gətirilərək Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə təhvil verilib.
Beləliklə, Azərbaycanda digər ölkələrdən gətirilmə meymunçiçəyinə şübhəli hallar qeyd edilərsə, xəstəlik hadisələrinin PZR üsulu ilə laborator diaqnostikası üçün artıq bütün imkanlar mövcuddur. Şübhəli hallar müəyyən edildikdə, xəstəliyin laborator təsdiqi mütləq şərt olacaq”.