Səfir: “Azərbaycan indiyədək Ukraynaya 20 milyon dollarlıq humanitar yardım göndərib”
“Şadam ki, növbəti görüşümüz simvolik yerdə – Bakının hava limanında baş tutur. Məhz buradan Azərbaycanın Ukraynaya növbəti humanitar yardımı göndərilir. Dost Azərbaycana, bütün Azərbaycan xalqına Ukraynaya belə mühüm humanitar yardımına görə səmimi-qəlbdən minnətdarlığımı bildirirəm”.
Bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski deyib.
“Rusiya-Ukrayna müharibəsinin başlanğıcından indiyədək Azərbaycan tərəfindən Ukraynaya 20 milyon ABŞ dolları dəyərində 1,5 min ton vacib humanitar yük çatdırılıb. Bu, sadəcə formal jest deyil, Azərbaycan təcavüzkarın hədəfinə çevrilən Ukraynanın dinc sakinlərinə son dərəcə vacib yardım göndərir. Bura müxtəlif dərmanlar, tibbi avadanlıq daxildir. Sevindiricidir ki, Ukraynaya humanitar yardım tədarükü yeni səviyyəyə qalxıb”, – diplomat vurğulayıb.
Səfir Sumqayıt Şəhər İcra Hakimiyyətinə qardaşlaşmış şəhəri Çerkassıya yardım göndərdiyinə görə təşəkkürünü bildirib:
“Bu təşəbbüs Azərbaycanın Ukraynaya aktiv şəkildə yardım göndərməyə başlayan digər şəhər və regionlarına nümunə olub. Bu, Ukrayna və Azərbaycan xalqları arasında əsl dostluq jestidir. Bilirsiniz ki, dörd aydan çoxdur Ukrayna Rusiyanın hərbi təcavüzünə müqavimət göstərir. Təəssüf ki, düşmən uşaq, qadın və qocaya rəhm etmir. Onlar məqsədyönlü şəkildə Ukraynanın infrastruktur obyektlərini hədəfə alır, dinc sakinlərini qətlə yetirirlər. Başa düşürük ki, Kremlin məqsədi sadəcə Ukrayna ərazisinin bir hissəsini ələ keçirmək deyil, bu, Ukrayna millətinin qırımıdır. Məhz buna görə də Ukraynanın hər vətəndaşı başa düşür ki, biz mübarizəni dayandırsaq, Ukrayna dünya xəritəsindən silinə bilər. Bu, Ukrayna xalqının soyqırımıdır. Biz Ukrayna və Azərbaycan xalqları arasında dostluğa inanırıq. Biz Ukrayna Silahlı Qüvvələrinə inanırıq. Biz Ukraynanın qələbəsinə inanırıq. Yaşasın Ukrayna! Yaşasın Azərbaycan! Əgər səhv etmirəmsə, bu 7 ya da 8-ci təyyarədir. Hesabı bir az itirmişəm. Yardım həm yer, həm də hava nəqliyyatı vasitəsilə gerçəkləşdirilir. Əsas odur ki, proses mütəmadi şəkildə keçirilir. Çünki müharibə uzandıqca bu yardım da bir o qədər vacib olur”.
Qeyd edək ki, bu gün Azərbaycandan Ukraynaya ümumi çəkisi 45 ton 382 kq olan ərzaq məhsulları, gündəlik tələbat, geyim və ilkin tibbi ləvazimatlardan ibarət növbəti humanitar yardım yola salınacaq. Yardımı Sumqayıt Şəhər İcra Hakimiyyəti təşkil edib.