Özbəkistandakı hadisələr daha geniş planda – Mərkəzi Asiyada basdırılan “mina”lar partlayır
Rusiya-Ukrayna müharibəsi fonunda Mərkəzi Asiya uğrunda coşan qlobal emosiyaların praktiki addım səsi əks-səda verdi. Özbəkistan hakimiyyətinin Konstitusiyaya təklif etdiyi dəyişiklik mətninin bir neçə cümləsi Qaraqalpaqıstan Muxtar Respublikasına (Özbəkistan ərazisinin 40 faizi) aid idi.
Ancaq bu bölgənin əhalisi hesab edir ki, həmin redaktələr, daha doğrusu regionun muxtar respublika statusunun ləğvi ilə bağlı təklif onların onsuz da pozulan konstitusion hüquqlarını daha da pisləşdirəcək. Konstitusiyaya dəyişikliyə etirazlar iğtişaşlara gətirib çıxarıb, nəticədə 18 nəfər ölüb, 243 nəfər yaralanıb.
Özbəkistan dünyanın gözdən-könüldən uzaq yeri kimi görünsə də, bu ölkə uğrunda beynəlxalq savaş gizli gedir və zamanla ölkədəki sosial etirazlar həmin mübarizəni müşayiət edir.
Hələ İslam Kərimovun prezidentliyi dövründə ölkə əhalisi təhlükəsizlik qüvvələrinin gücünə tabe etdirilmişdi və hüquq-mühafizə orqanları narazılıqların səsini boğurdu.
Şavkat Mirziyoyev hakimiyyətə gəldikdə sələfinin ona buraxdığı nöqsanlı mirası aradan qaldırıb daha xoşbəxt ölkə yaratmaq çağırışı ilə qarşı-qarşıya qaldı, amma bu, heç də asan başa gəlmir. Özbəkistanda Mirziyoyev prezidentlik kürsüsünə yiyələndikdən sonra əhalinin sosial tələbləri azalmayıb və baş tutan hər kiçik nümayiş müəyyən mənada digərlərini gücləndirən alətə çevrilib.
Bu cür sosial etirazların ən qaynar ünvanlarından biri də Özbəkistanın şimal bölgəsi olan Qaraqalpaqıstandır və burada təbii qaza, elektrik enerjisinə olan tələbatın ödənilməməsi münasibətləri gərginləşdirir. Belə mənzərə Özbəkistan hakimiyyətini də, əhalini də məyus edir. Mirziyoyev çalışır ki, etirazların həcmi və tezliyi məmurları çevik reaksiyalara təşviq etsin, bu istəklə real nəticə arasındakı müddət isə Özbəkistan üçün boşluqdur və bu boşluqları yad təsirlər doldurmağa cəhd edir.
Bəli, sosial etirazlar amilinə toxunmadan Özbəkistanda birbaşa xarici qüvvələrin əlinin uzanmasına keçid etmək yarımçıq olardı və biz hazırda mövzunu paralel şəkildə inkişaf etdirmək istəyirik.
Özbəkistanın xarici siyasət kursunun fasadı qazılmayıb və ənənəvi meyara sadiqlik nümayiş etdirilir.
Daşkənd Rusiyanın patronajlığı altındakı hər hansı təhlükəsizlik alyansının üzvü olmasa da, Moskva ilə sıx əlaqələrini qoruyub-saxlayır. Özbəkistan Türkiyə, İsrail, ABŞ, Avropa İttifaqı və Çinlə olan münasibətlərini də əhəmiyyətli dərəcədə inkişaf etdirib.
Bununla belə Özbəkistanın yerləşdiyi coğrafiya, Mərkəzi Asiyadakı etnik mübahisələrdəki yeri, qarşılaşdığı sosial təlatümlər istər-istəməz onu xarici güclərin də hədəfinə gətirir və gətirəcək də.
Çünki Mərkəzi Asiyaya nəzarət resurslara və təkmilləşdirilmiş strateji mövqelərə gedən yolu açır, bu cür rəqabət şəraitində Özbəkistan da düzgün mövqelərə yiyələnib öz təhlükəsizliyini qorumalıdır.
Özbəkistan üçün kənar təhdidlərdən danışarkən ilk növbədə nəzərə almalıyıq ki, Mərkəzi Asiyada SSRİ-nin irs qoyduğu münaqişələrdən Özbəkistana da pay düşüb.
Bu gün Mərkəzi Asiyanın üç ölkəsi – Özbəkistan, Qırğızıstan və Tacikistan bir-birinə qarşı həmləyə keçir, sərhədlərinə iddia edir, saysız-hesabsız anklavların mövcud olduğu Fərqanə vadisi bu ölkələri bir-biri ilə “qırğına verir”.
Üçlüyün mübahisələri həll etmək metodu emosional çalarla zəngindir və heç biri digərinə zərrə qədər də güzəştə getmək niyyətində deyil.
Mərkəzi Asiyanın bu üç ölkəsi arasındakı etnik münasibətlər sisteminə sosial narazılıqları da əlavə etsək, vəziyyətin nə qədər mürəkkəb olduğu göz önünə gəlir. Bəli, Mərkəzi Asiya etnik və sosial mənada çoxmünaqişəli region statusuna sahiblənib.
Etnik münaqişə və sosial problemlər xarici qüvvələrin regiona müdaxiləsi üçün onların qarşısında olan dolaşıqlıqları sadələşdirir və bunun arxasınca böyük siyasi maraqları regiona doğru itələyir.
Bu situasiya Mərkəzi Asiyada qalıcılığı təmin etmək üçün qlobal güclərə sərf edir – hərəsinin özünün strateji zəkasına və xarici siyasət ənənəsinə uyğun olaraq.
Özbəkistan qlobal güclərin sürtünmələri ilə rastlaşmaqda davam edəcək, indi ona hansı istiqamətdən təhlükə gələcəyini təsnifatlandırmaq lazımdır:
1. Rusiya ənənəvi olaraq etnik amili önə çəkəcək, SSRİ-nin miras qoyduğu “barıt çəlləklərinin” pultunu əlində saxlayaraq həmlələrə davam edəcək.
2. Qərb etnik qarşıdurmada maraqlı olmasa da, sosial etirazlardan xal qazanmağı hədəfləyəcək. Çünki ABŞ-ın regionlara hər hansı formada müdaxilə ssenariləri insan hüquqları məsələlərinə istinada söykənir.
3. Çin daha çox iqtisadi-kommersiya marşrutlarını şaxələndirir və açığı onu nə insan haqları, nə də etnik problemlər maraqlandırır.
4. Türkiyənin maraq dairəsi etnik konflikt və ya hər hansı qarşıdurmadan uzaqdır, amma Ankara bu regionda böyük güclərə qarşı təkbaşına dirəniş göstərmək potensialını qazanmalıdır.
Göstərə biləcəyimiz yekun bundan ibarətdir ki, Qaraqalpaqıstandakı hadisələrin motivi, bir səbəbi digər səbəbdən ayrı tutularaq ayrıca mövzu kimi önə sürülməməlidir. Həm də regional münaqişələrin hansı qüvvənin əlinə kart verdiyini nəzərə almaq lazımdır.
İkinci, sosial etirazlar heç də həmişə xarici amillə bağlı olmur, amma sosial tələblər xarici qüvvələrin əlinə xeyli strateji arqumentlər verir və verəcək./oxu.az