Özbəkistanda gərginlik: Qaraqalpaqıstanda nə baş verir?
Özbəkistanda ölkə konstitusiyasının yeni redaksiyasının ictimai müzakirələrə çıxarılmasından sonra Qaraqalpaqıstan Muxtar Respublikasında etirazlar start götürüb. Belə ki, əsas qanunun yeni redaksiyasına edilmiş dəyişikliklərdə Qaraqalpaqıstanla bağlı “suveren” sözü silinib, həmçinin bölgənin Özbəkistandan ayrılmaq haqqı ilə bağlı xatırlatma da qanundakı yerini qoruya bilməyib.
Etirazlar Qaraqalpaqıstanın paytaxtı Nukus şəhərində start götürüb və sonradan Çumbay və Muynak kimi şəhərlərə də yayılıb.
Qaraqalpaqıstanın haqqında
Muxtar Respublikanın ölkə ərazisinin təxminən 40 faizini təşkil edir. Ümumi sahəsi 166 600 kvadrat kilometrdir. Əhalisinin sayı 2022-ci ilin əvvəlinə olan göstəricilərə əsasən 1 990 000 nəfər təşkil edən Qaraqalpaqıstanın rəsmi dilləri özbək və qaraqalpaq dilləridir.
Tarixi mənbələrə əsasən bölgədə insanların yaşaması tarixi neolit dövrünə təsadüf edir. Bu ərazi tarixən müasir Türkmənistanın Xarəzm bölgəsi və ətraf rayonları ilə birlikdə Xarəzm adlanıb.
Buranın yerli əhalisi hələ Əhəmənilər imperiyası dövründə olduqca fəal olublar. Belə ki, onlar e.ə 480-ci ildə Kserksin Yunanıstana səfərlərinə qatılıb, imperiyanın paytaxtı Persepolisin tikilməsində də iştirak ediblər.
Əhalisi
Qaraqalpaq türkləri əsilləri etibarilə X-XII əsrlərdə yaşayan peçeneqlərin nəvələridir. Tarixi mənbələrdə “Qara Külahlılar” və ya yalnız “Külahlılar” adı ilə keçir. XII-XIII əsrlərdə Qıpçaqlarla birlikdə Monqollara tabe olmuşlar. Qaraqalpaq türkləri qədim rus mənbələrində “Çorniye klobuki”, ərəb mənbələrində “Qarabörklü” adlarıyla xatırlanırlar. Rus mənbələrinə görə, Qaraqalpaqlar Uzlar, Peçeneqlər və Xəzərlərlə qardaş bir qövmdür. Rəvayətə görə, Qaraqalpaqların bir qismi XI əsrdə Səlcuqluların cənub və qərbə doğru reallaşdırdıqları yayılma hərəkətinə qatılmış, əksəriyyəti isə Aral Dənizi ətrafında qalmışlar.
Muxtar vilayətin təşkili
Bölgənin yaxın tarixinə nəzər salsaq, burada 1924-cü ildə mərkəzi Turtkul şəhəri olmaqla Qara-Qalpaq Muxtar vilayəti yaradılıb. Muxtar vilayətin tərkibinə Türküstan Muxtar Sovet Sosialist Respublikasının Amudərya vilayəti, Xarəzm Sovet Sosialist Respublikasının Xoceyli və Kunqrad rayonları da daxil olub.
1925-ci il fevralın 16-da Qırğızıstan Muxtar Sovet Sosialist Respublikasının (sonradan Qazaxıstan MSSR adlandırıldı) tərkibində Qara-qalpaq muxtar vilayəti rəsmi şəkildə təsdiqləndi.
1930-cu ilin iyulun 20-də muxtar vilayət Qazaxıstan MSSR-dən alınaraq birbaşa olaraq Rusiya Sovet Federativ Sosialist Respublikasının tabeliyinə verilib.
1932-ci ilin martın 20-də paytaxtı Nukus şəhəri olan və RSFSR-in tərkibinə daxil olan Qara-qalpaq MSSR yenidən təşkil olunub.
1936-ci ilin dekabrın 5-də Qara-qalpaq MSSR Özbəkistan SSR-in tərkibinə daxil edilib. 1964-cü ildə isə adı dəyişdirilərək Qaraqalpaq MSSR adlandırılıb.
1990-cı il dekabrın 14-də (Qazaxıstan və Özbəkistandan sonra, lakin Qırğızıstandan əvvəl) Qaraqalpaq MSSR Ali Sovetinin sessiyasında dövlətin ümumxalq səsverməsi yolu ilə tam müstəqilliyini təklif edən dövlət suverenliyi bəyannaməsi imzalandı. 9 yanvar 1992-ci il tarixində isə Qaraqalpaqıstan Respublikası formalaşdırıldı. 1993-cü ildə Qaraqalpaqıstan Respublikasının Özbəkistanın tərkibinə daxil olması ilə bağlı 20 illik dövlətlərarası müqavilə imzalandı. Sənəddə muxtar respublikanın referendum yolu ilə Özbəkistandan ayrılmaq hüququ da təsdiqlənib.
Onu da qeyd edək ki, 1991-ci ilin 11 noyabr tarixində Qaraqalpaqıstan Respublikasının Ali Soveti tərəfindən prezident vəzifəsi təsis olunub. İlk və son prezidenti isə Dövlətbəy Şamşetov olub. O, 1992-ci ilin iyunun 20-dək bu vəzifəni icra edib. Daha sonra vəzifə ləğv edilib və respublikaya rəhbərlik parlament sədrinə keçib.
Özbəkistan Konstitusiyasında Qaraqalpaqıstanın yeri
Özbəkistan Konstitusiyasının 21-ci maddəsinə əsasən “Qaraqalpaqıstan Respublikası vətəndaşı eyni zamanda Özbəkistan Respublikasının vətəndaşıdır”. 69-cu maddəyə əsasən ölkənin regionlarının, o cümlədən Qaraqalpaqıstan Respublikası və onun rayonlarının sərhədlərinin dəyişdirilməsi yalnız Özbəkistan Ali Məclisinin razılığı ilə mümkündür. Özbəkistan Respublikası Konstitusiyasının 17-ci fəsli (70-75-ci maddələr) tamamilə Qaraqalpaqıstan Respublikasına həsr edilib. 70-ci maddəyə əsasən “suveren Qaraqalpaqıstan Respublikası Özbəkistan Respublikasının tərkibinə daxildir və Qaraqalpaqıstan Respublikasının suverenliyi Özbəkistan Respublikası tərəfindən qorunur”. 71-ci maddəyə əsasən Qaraqalpaqıstan Respublikasının özünün konstitusiyası var, ancaq bu ali qanun Özbəkistan Konstitusiyasına ziddiyyət təşkil edə bilməz. 72-ci maddəyə əsasən Özbəkistan Respublikası qanunları Qaraqalpaqıstan Respublikası ərazisində də məcburidir.
73-cü maddəyə əsasən, “Qaraqalpaqıstan Respublikasının ərazisi və sərhədləri onun razılığı olmadan dəyişdirilə bilməz və Qaraqalpaqıstan Respublikası özünün inzibati-ərazi quruluşu məsələlərini müstəqil həll edir”. 74-cü maddəyə əsasən Qaraqalpaqıstan xalqının ümumxalq səsverməsi əsasında Özbəkistan Respublikasından ayrılmaq hüququna malikdir”. 75-ci maddədə isə münasibətlərin imzalanmış saziş və müqavilələrlə tənzimləndiyi, mübahisəli məsələlərin razılaşdırma yolu ilə həll olunacağı göstərilir.
Konstitusiyanın yeni redaksiyasına dəyişikliklər və sonrasında baş verənlər
İyulun 1-dən etibarən Qaraqalpaqıstanda başlayan etirazlarda müxalifət lideri, hüquqşünas Dövlətmurad Tajimuratov ön plana çıxıb. O, həmin gün hakimiyyətlə iyulun 5-də dinc aksiya keçirilməsini razılaşdırdığını açıqlayıb. Daha sonra onun saxlanılması barədə məlumatlar yayılıb. Tajimuratovun saxlanılması etirazları bir qədər də qızışdıran amilə çevrilib. Bundan sonra Qaraqalpaqıstana Özbəkistan Milli Qvardiyasının əlavə qüvvələri də cəlb olunub.
Özbəkistan Daxili İşlər Nazirliyinin məlumatına görə, Qaraqalpaqıstanın inzibati mərkəzi olan Nukus şəhərində etirazlara səbəb “ölkədə aparılan konstitusiya islahatlarının yanlış şərh edilməsi” olub.
Mətbuat orqanları xüsusilə bir faktı qeyd edir ki, bölgədə etirazlara səbəb heç də əhalinin Özbəkistan ayrılmağa meyl etməsi deyil. Onlar hakimiyyət tərəfindən konstitusion hüquqların pozulması və regionun xüsusi statusunun ləğv edilməsi cəhdinə etiraz edirlər.
İyulun 2-də Nukus şəhərinin ətrafında postlar qurulub. Şəhərdə mobil əlaqə və stasionar internetin fəaliyyət göstərmədiyi qeyd olunub. Taxiataş, Xoceyli, Orak Balqa şəhərləri istiqamətində Nukus şəhərinə giriş də bağlanılıb.
İyulun 3-də isə mövcud vəziyyət fonunda regionda fövqəladə vəziyyət elan olunub. Həmçinin 21:00-dan 07:00-a qədər komendant saatı tətbiq olunub.
Nəhayət, iyulun 4-də Qaraqalpaqıstanda keçirilən etirazlar öz bəhrəsini verib. Özbəkistan parlamenti Qaraqalpaqıstanın suveren statusunun saxlanmasını dəstəkləyib./oxu.az