“Bu proses geostrateji baxımdan neytral olmalıdır”
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində fəaliyyəti ölkənin dünya miqyasında özünəməxsus yer tutmasının bariz nümunəsidir.
Bu barədə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.
Onun sözlərinə görə, Azərbaycan Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənubi Qafqaz qaz kəməri vasitəsilə transatlantik birliyə bağlı olan və Rusiya ilə yaxşı, balanslaşdırılmış münasibətlər saxlayan müstəqil ölkədir:
“Azərbaycan İranla da əlaqələri inkişaf etdirir. Azərbaycan Rusiya, İran və Türkiyə kimi böyük dövlətlər arasında yerləşən kiçik bir ölkə olduğundan, strateji əhəmiyyətli təbii sərvətlərə malikdir və Mərkəzi Asiya ilə qlobal bazarlar arasında əlaqələndirici olduğundan, Azərbaycan hökumətinin digər dövlətlərlə münasibətlərdə balansı saxlaması və öz iqtisadiyyatının inkişafı, suverenlik və müstəqilliyin, eləcə də ərazi bütövlüyünün təmin edilməsi üçün çoxlu istiqamətlərə malik olması vacibdir”.
Bu xüsusda sabiq səfir bildirib ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti Azərbaycana və təşkilata üzv olan bütün ölkələrə iqtisadi əlaqələrin inkişafında köməklik göstərəcəyini ümid edir.
Onun sözlərinə görə, bu, həm də Mərkəzi Asiya və Azərbaycanda hasil edilən neft və təbii qaz, gübrə və taxıl kimi məhsulların tədarükü ilə bağlı problemlərin həllinə kömək edə bilər, çünki indi dünyanın onlara hər zamankindən daha çox ehtiyacı var, eləcə də inflyasiyanın azaldılması və tədarükün pozulmasına səbəb ola biləcək potensial aclığın qarşısının alınmasına kömək edə bilər:
“Əlavə etmək istərdim ki, Azərbaycanın tranzit ölkə kimi əhəmiyyəti Bakı, Aşqabad və Tehranın Türkmənistandan qazın İran üzərindən svop sazişləri bağlamaqla Avropaya nəqli planları fonunda artır. Razılaşmalara əsasən, Türkmənistan təbii qazı İranın şimal-şərqinə göndəriləcək və oradakı boru kəməri sisteminə daxil olacaq. Sonra İran qazı Azərbaycana, daha sonra isə Avropa bazarlarına nəql olunacaq. Bütün bu proses geostrateji baxımdan neytral olmalıdır. Güman edirəm ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi bu layihənin neytrallığının qorunmasında rol oynaya bilər”.