Türkiyəli ekspert: “Rəsmi Ankara Finlandiya və İsveçdən müsbət irəliləyiş görməsə, razılaşmanı pozmaq hüququ var”
“Türkiyə NATO-ya üzv olmaq istəyən Finlandiya və İsveçdən istəklərinin yerinə yetirilməsi istiqamətində müsbət irəliləyiş görməsə, əldə olunmuş razılaşmanı pozmaq hüququ var”.
Bunu Türkiyənin təhlükəsizlik, psixoloji hərbi məsələlər üzrə ekspert Coşkun Başbuğ bildirib.
Onun sözlərinə görə, Türkiyə Finlandiya və İsveçin NATO-ya daxil olmasının yekun təsdiqini etməyib: “Sadəcə, bu prosesə mane olan mövzuları müzakirəyə açıb. Türkiyənin mövqeyi bundan ibarətdir ki, əgər İsveç və Finlandiya NATO-ya daxil olmaq istəyirsə, birmənalı olaraq, terrorçulara olan dəstəyini dayandırmalıdırlar. Çünki terrora dəstək verən hansısa bir ölkənin NATO-da işi ola bilməz. Təbii ki, kimlərsə də deyə bilər ki, hazırda Alyans üzvü olan Almaniya, Fransa kimi dövlətlər də bəzi terror təşkilatlarına dəstək verirlər. Ancaq hesab edirəm ki bunlar qarşılıqlı dialoq əsasında həll olunması mümkün olan problemlərdəndir. İndiki şəraitdə hər iki ölkəni də hazırki şərtlər altında ittifaqa daxil etmək “yanğın”ı daha da körükləməkdir”.
Ekspert deyib ki, İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsi ilə bağlı Türkiyənin bu mövqeyi yalnız indi üçün yox, həm də gələcək proseslər nəzərə alınaraq müəyyənləşib: “Türkiyə adıçəkilən dövlətlərin rəsmilərinə çatdırmaq istəyir ki, siz bizə qəsd edən terror təşkilatlarına dəstək verirsiniz. Beləliklə, Türkiyə sizinlə eyni çətir altında fəaliyyət göstərə bilməz. Türkiyənin geriyə addım atmayacağını gördükdən sonra da ABŞ başda olmaqla bir çox üzv dövlətlər ortaq məxrəcə gəlmək üçün fəaliyyətə başlayıb. Bu məqsədlə ABŞ zamin dövlət kimi İsveç və Finlandiyanın masa arxasında əyləşəcəyini və Türkiyənin şərtlərini qəbul edəcəyini bəyan etdi”.
C.Başbuğ Türkiyənin tələblərini özündə əks etdirən 10 maddəlik sənədin hazırlanmasından da danışıb: “Bəyanatların əməldə də sübutu üçün NATO üzvlüyünə namizəd dövlətlərə şans verildi. Türkiyənin hazırkı gözləntisi İsveç və Finlandiyanın imza atdıqları sənədin müddəalarını yerinə yetirməsindən ibarətdir. Bu maddələrin içərisinə üzvlüyə namizəd dövlətlərin terrora dəstək vermələrindən tutmuş öz ölkələrində terrorçu fəaliyyətlərin qadağan olunmasına, İsveç və Finlandiyada yaşayan, ancaq Türkiyədə qırmızı bülletenlə axtarışda olan terrorçuların ekstradisiyası ilə bağlı bir çox tələblər öz əksini tapıb. Onların nə qədər xoşniyyətli olduqlarına zaman içərisində şahid olacağıq. Əgər İsveç bu problemin həllində səmimidirsə, ölkəsində yaşayan 70-ə yaxın terrorçunu Türkiyəyə təslim edə bilər. Biz də o zaman adekvat addımlar ata bilərik”.
Ekspert İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsi ilə bağlı prosesin 1,5 – 2 il davam edəcəyini söyləyib: “Türkiyə hələ ki yekun protokola imza atmayıb. Bu zaman zərfində müəyyən hazırlıq prosesi gedəcək, hər iki dövlətdən məhz terrorizmlə mübarizə kontekstində konkret addımların atılması tələb olunacaq, hətta müəyyən siyahı təqdim olunacaq. Bunları ardıcıl surətdə yerinə yetirdikdən və NATO üzvü olan digər dövlətlər tərəfindən təsdiqləndikdən sonra yekun imzalar atılacaq. Əgər Türkiyə 2 il ərzində 10 maddəlik tələblərinin yerinə yetirilməsi ilə əlaqədar hansısa irəliləyiş görməsə, əldə olunan razılaşmanı pozmaq və veto hüququndan istifadə etmək haqqı var. Ancaq hHazırda beynəlxalq aləmdə və ölkə daxilində sanki hər şeyin bitdiyini, İsveçlə Finlandiyanın NATO-ya üzvlük məsələsinin artıq öz yekun təsdiqini tapdığını düşünür. Halbuki həmin dövlətlərin icra etməli olduqları “ev tapşırıqları” var. Hər iki dövlət bu “ev tapşırıqları”nı yerinə yetirdikdən sonra Türkiyə öz imzasını atacaq”.