“Bu addımı atsaq, Paşinyanın özü əlində qələm masaya gələcək” – Politoloq

 

“Bakı ilə əldə edilən razılaşmaları yerinə yetirməkdən boyun qaçıran Ermənistan Brüsssel danışıqlarından da yayınır. Üstəgəl, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətində olan ərazilərə hərbçilərini göndərərək, vəziyyəti bir qədər mürəkkəbləşdirir”.

Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert Ermənistan rəhbərliyinin bu addımlarının arxasında bir sıra niyyətlərinin olduğunu bildirib:

“Belə bir fonda Nikol Paşinyan olmayan ATƏT-in Minsk qrupunun fəaliyyətindən, vasitəçiliyindən danışır. Əslində, Paşinyan ABŞ və Avropa Birliyinin bir sıra üzvlərinin başladığı xora qoşulub. ABŞ və digərlərinin bölgədə yaşayan etnik ermənilər və Minsk qrupu barədə açıqlamaları göstərir ki, Azərbaycana müəyyən təzyiqlər var. Amma Ermənistanın da maraqlı olduğu bu oyun müsbət effekt verməyəcək. Azərbaycan Minsk qrupunda maraqlı deyil, artıq bu, Bakıda prezident səviyyəsində də dəfələrlə dilə gətirilib.

Azərbaycan 20 min erməniyə status verməyəcək. Heç onlara yaşadıqları rayon üzrə hansısa formada rəhbər vəzifənin verilməsinin də heç bir hüquqi əsası yoxdur. Azərbaycan heç bir halda Qarabağın kiçik bir hissəsində yaşayan azsaylı bir etnik qrupa status verə bilməz, verməyəcək. Prezident İlham Əliyev bunu dəfələrlə bunda maraqlı olan hər kəsin diqqətinə çatdırıb. Yəni Bakı nöqtəni qoyub. İndi “Minsk qrupu” və “status” şüarları ilə ortada dolaşanlar bir müddət sonra reallıqlarla tam barışmaq məcburiyyətində olacaqlar”.

 

Məhəmməd Əsədullazadə söyləyib ki, Laçın dəhlizinə alternativ yol istifadəyə verildikdən sonra Azərbaycan bölgədəki separatizmin kökünü tam kəsə bilər:

“Hesab edirəm ki, yeni yolun istifadə qaydaları Azərbaycan tərəfindən tənzimlənməlidir. Bu yolda separatizmin bölgəyə keçidinə icazə verilməməlidir. Azərbaycan yüksək standartlara uyğun olaraq yeni yol çəkir. İndi Ermənistana imkan verilməməlidir ki, bu yolla Azərbaycan ərazilərini silah-sursat, hərbçi daşısın. Yeni yolda bütün ixtiyarı Rusiya sülhməramlılarına da vermək lazım deyil. Çünki Ermənistan və Azərbaycan arasındakı gərginliyin uzunömürlü olması Rusiyanın marağına uyğundur. Bunu təmin etmək üçün isə erməni separatizmini silahlandırmaq kifayətdir. Bunun qarşısını almaq üçün isə həm ermənilər, həm də sülhməramlılar daim Azərbaycanın təzyiqini hiss etməlidirlər.

Ümumiyyətlə, bu gün sülh Azərbaycandan çox Ermənistana lazımdır. Ermənistan isə sülhdən yayınacaqsa, o zaman Azərbaycanın atacağı addımlara da hazır olmalı və buna etiraz etməməlidir. Üstəgəl, Ermənistan hələ də Azərbaycanın ərazi bütövlüyünü tanımır. Buna görə də Ermənistana qarşı daha sərt addım atılmalıdır, sərhədlərimiz 1918-ci il xəritəsinə uyğun müəyyən edilməlidir. Əgər Azərbaycan tərəfi ən sərt addımı atsa, Paşinyanın özü əlində qələm sülh masasına gələcək”. /teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password