İrəvan Qarabağa muzdlu göndərərsə… – Türk general
Qarabağda sular yenidən bulanmağa, vəziyyət gərginləşməyə başlayıb. Bunun birinci səbəbkarı Moskvada başqa cür, Brüsseldə başqa cür danışan, ikiüzlü siyasət aparan Ermənistan, ikinci səbəbkarı isə öz vəzifələrini doğru şəkildə icra etməyən rus sülhməramlılarıdır.
Bu sözləri açıqlamasında Ermənistan Baş Qərargahının Səfərbərlik və Təşkilat İdarəsinin rəis müavini Saak Saakyanın Azərbaycanın Qarabağ bölgəsində erməni müddətli hərbi xidmətçilərinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları ilə əvəzlənəcəyi haqda sözlərinə reaksiyasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.
Generalın sözlərinə görə, Ermənistan sülh istəmir, rus sülhməramlıları isə öz vəzifəsini yerinə yetirmir:
“Ermənistanın atdığı son addımlar, elə bu açıqlamanın özü göstərir ki, onlar sülh istəmirlər, hər vasitə ilə 10 noyabr kapitulyasiya aktından boyun qaçırmağa və Azərbaycandan nəsə əldə etməyə çalışırlar. Rus sülhməramlılarının əsas vəzifəsi Azərbaycan ərazisi olan Qarabağdan separatçıların, onların silahlı qruplaşmalarının çıxarılmasıdır. Lakin biz əksini görürük. Sülhməramlılar Laçın dəhlizi ilə beynəlxalq hüquqa, Azərbaycan qanunlarına və 10 noyabr bəyanatına zidd şəkildə kirli məqsədləri olan müxtəlif siyasətçilərin, Ermənistandan gələn müxtəlif dəstələrin, həm də yeni terrorçuların daşınmasına göz yumurlar”.
Yücel Karauz reallıqla barışmayacağı təqdirdə Ermənistanın ikinci dəfə dəmir yumruq yeyəcəyini vurğulayıb:
“Cənab İlham Əliyev də bir neçə gün əvvəl Laçın və Kəlbəcərə səfəri zamanı sözügedən məsələ haqqında danışaraq Ermənistana sərt şəkildə xəbərdarlıq edib. Əgər Ermənistan özünün sərsəm iddialarından əl çəkməsə, rus sülhməramlıları öz vəzifələrini həqiqi şəkildə yerinə yetirməsə, Azərbaycan sahib olduğu milli güclə lazım olanı etmək iqtidarındadır. Ermənistan, Qarabağdakı separatçı tör-töküntülər və onları himayə edənlər isə bunun nəticələri ilə barışmalı olacaqlar. Əgər rəsmi İrəvan ikinci dəfə dəmir yumruq yemək istəmirsə, ağlını başına toplamalı və təxribatlardan əl çəkməli, reallığı qəbul etməlidir. Rus sülhməramlıları isə altında təmsil etdikləri dövlətin imzası olan 10 noyabr bəyanatının müddəalarını məsuliyyətlə icra etməlidirlər”.