Viləşçay Su Anbarı İdarəsi 621 min vergi borcu olan QSC ilə 177 min manatlıq müqavilə bağladı
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Viləşçay Su Anbarının İstismarı İdarəsi tərəfindən Masallı rayonu Şıxlar və Yeddioymaq kəndləri ərazisindən keçən hissədə D=1020 mm-lik 03 nömrəli qapalı boru kəmərinin əsaslı təmiri işlərinin satın alınması üzrə 05.04.2022-ci ildə müsabiqə yolu ilə başlanılmış kotirovka sorğusuna yekun vurub və 25.06.2022-ci il tarixdə “AZMET” Qapalı Səhmdar Cəmiyyəti ilə 177 114.81 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə dövlət satınalmalarının vahid internet portalına məlumat yerləşdirib.
İlk baxışdan bu adi bir tenderə yekun vurulması barədə məlumatdı. Amma araşdırdıqda ortaya nələr çıxdı, Viləşçay Su Anbarının İstismarı İdarəsinin Tender Komissiyası nə kimi qanunsuzluqlara yol verdiyi bəlli oldu. Öncə qalib QSC haqqında.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AZMET” Qapalı Səhmdar Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsində 01.10.2020-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 2000 manat olan MMC-nin hüquqi ünvanının MASALLI RAYONU, TƏZƏKƏND, qanuni təmsilçisinin isə İbrahimov Murad Musa oğlu olduğu göstərilir.
Açıq mənbələrdə 2020-ci ildə dövlət qeydiyyatına alınmış “AZMET” Qapalı Səhmdar Cəmiyyətinin barəsində heç bir məlumat yoxdur. QSC-nin maddi texniki bazası və ixtisas göstəriciləri, o cümlədən müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi barədə heç yerdə məlumata rast gəlinmir. Masallı rayonunun Təzəkənd kəndində dövlət qeydiyyatına alınmış bu QSC bu günə qədər heç bir tenderin iştirakçısı ya da qalibi olmayıb. 2000 manat nizamnamə kapitalı olan QSC-nin adi bir veb-səhifəsi belə yoxdu. Amma qeydiyyata alınmasının heç iki ili tamam olmamaış QSC-nin dövlətə 621 164.16 manat vergi borcu var.
Bu o deməkdir ki, “AZMET” Qapalı Səhmdar Cəmiyyəti hansısa bir sahədə fəaliyyət göstərir ki, 600 min manatdan çox vergi borcu yaranıb. Bu borcun qısa bir müddətdə, yəni Viləşçay Su Anbarının İstismarı İdarəsi ilə satınalma müqaviləsi bağlanıldığı dövrdə yaranması ehtimalı çox azdır. Bir bölgədə, Masallı kimi rayonda fəaliyyətdə olan bir QSC-nin 5-6 ay ərzində 600 min manat vergi verməsi inandırıcı gəlmir. QSC kommersiya fəaliyyəti ilə məşğul olursa belə, Viləşçay Su Anbarının İstismarı İdarəsi tərəfindən keçirilən boru kəmərinin əsaslı təmiri işləri üçün ixtisas göstəriciləri uyğun gəlmir.
Xatırladaq ki, Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi Rusif Kərimovdur. O, bu vəzifəyə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılovun əmri ilə 07 iyul 2021-ci ildə idarəyə rəis təyin edilib. Daha əvvəllər də sözügedən idarədə müxtəlif vəzifələrdə çalışıb. Yəni idarəetmədə səriştəsiz biri deyil. Amma Viləşçay Su Anbarının İstismarı İdarəsi tərəfindən keçirilmiş tenderdə yol verilən bu qanunsuzluq ya Rusif Kərimovun satınalmalardan bixəbər olmasından, ya da birbaşa şəxsi maraqlarına xidmət etməsindən xəbər verir.
Aktualinfo.org