Proses aktiv fazaya keçir – “Sentyabrda Bakı və İrəvan arasında…”
“Kremlin nə düşünməsindən asılı olmayaraq, Rusiyanın Azərbaycana ciddi təzyiq rıçaqları əlindən çıxıb”.
Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərinə diqqət çəkib:
“Lavrovun bu səfəri Ermənistan və Azərbaycan arasındakı prosesdə Kremlin aktiv rolunu artırmaqdan ibarətdir. Demək olar ki, bu baxımdan səfərin Azərbaycan üçün strateji önəmi yoxdur. Şimaldan atılan bütün addımlar Rusiyanın Cənubi Qafqazda imperiya ambisiyasının gücləndirilməsinə hesablanıb.
Hesab edirəm ki, Kremlin nə düşünməsindən asılı olmayaraq, Rusiyanın Azərbaycana ciddi təzyiq rıçaqları əlindən çıxıb və Bakı kifayət qədər regionda müstəqil siyasət yürüdür. Bu çərçivədə Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyası prosesinin sentyabrdan aktiv fazaya keçməsi gözlənilir. Rusiya bu prosesi tormozlaya bilməyəcək.
Məhəmməd Əsədullazadə Ermənistan daxilindəki ictimai-siyasi vəziyyətin dəyişdiyini də söyləyib:
“Erməni müxalifətinin etiraz aksiyalarına gəldikdə, xalqdan geniş dəstək ala bilməyən radikallar və revanşistlərin bu gedişi nəticəsiz oldu. Demək olar ki, daxildən Nikol Paşinyan üçün təzyiq sıfıra bərabərdir. Paşinyana müqavimət göstərmək gücü olmayan müxalifətin tədricən parlamentdən çıxması da istisna deyil.
Ümumiyyətlə, Ermənistanda məhz Qarabağa görə ümumxalq etirazı gözlənilmir. İkinci Qarabağ Müharibəsində acı məğlubiyyətlə üzləşən ermənilər yenidən belə bir savaşa girmək istəmirlər. Çünki bunun nəticəsinin onlar üçün yaxşı olmayacağını yaxşı bilirlər”./teleqraf.com