“Meymunçiçəyi ilə mübarizə bu cür olmalıdır” – Adil Qeybulladan xəbərdarlıq
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunan meymunçiçəyi xəstəliyi artıq karantin tədbirləri çərçivəsində davam edə bilər. Onun məhdudlaşdırılması istiqamətində ciddi tədbirlər görülməlidir.
Bunu açıqlamasında həkim-professor Adil Qeybulla deyib.
Onun sözlərinə görə, xəstəliklə mübarizədə bütün ölkələrlə koordinasiya işi aparılmalı, vahid strategiya seçilməlidir:
“Meymunçiçəyi virusu əsasən heyvanlarda olub. Meymunlar heç də təbii mənbə sayılmır. Xəstəliyin adı meymunçiçəyi olsa da, meymunla müqayisədə başqa heyvanlarda daha çox yayılmaqdadır. Bütün bunlara baxmayaraq artıq insanlara keçibsə, bu, o deməkdir ki, xəstəliyin yeni xassəsi meydana gəlib. Bu səbəblə də xəstəlik diqqətdən kənarda qala bilməz. Əgər COVID-19 pandemiyasından sonra insanların immunitet sisteminin xeyli zəiflədiyi bir zamanda bu pandemiya elan olunubsa, ÜST mərkəzlərindən ciddi təşkilati iş tələb olunur”.
Professor bildirib ki, xəstəliyə qarşı vaksinasiya tədbirlərinə başlanılmalıdır: “Vaksinasiya işi intensivləşdirilməlidir. Çünki 1980-ci ildə təbiiçiçəyə qarşı vaksinasiya dayandırıldı. Hesab edirəm ki, peyvəndləmənin yenilənməsi üçün tədbirlər görülməli, məsələ yenidən qaldırılmalıdır. Təbiiçiçəyə qarşı vaksinasiya beynəlxalq protokola salınmalıdır. Bu, meymunçiçəyinə qarşı insanların davamlılığını artıra bilər. Bu işi vaxtında və çevik həyata keçirmək lazımdır. Vaksinasiya olunmadıqları üçün 42 yaşdan aşağı şəxslər meymunçiçəyinə qarşı daha həssasdırlar. Xəstəlik də bu şəxslərdə daha çox fəsadlara səbəb ola bilər”.