Səfər Mehdiyev istefa sözünü tutacaqmı – DGK sədrinin keçmiş birinci müavini danışır

 

Cümşüd Nuriyev: ““Azərterminalkompleks” komitənin düşünən beynidir və əgər burada…”

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) korrupsiya ilə əlaqədar keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılan Dövlət Gömrük Komitəsinin (DGK) “Azərterminalkompleks” birliyinin direktoru, gömrük general-mayoru Ehtiram Xəlilovun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Külli miqdarda rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilən E.Xəlilovla bərabər digər vəzifəli şəxlərin də saxlanıldığı iddia olunur.

Qeyd edək ki, gömrük sahəsində neqativ halların hökm sürdüyü, idxal və ixrac əməliyyatları zamanı sahibkarların süründürməçiliyə salınması ilə bağlı müzakirələr yeni deyil. Dəfələrlə mövzu gündəmə gəlsə də, bu sahədə mövcud olan problemlər öz həllini tapmamış qalır.

DGK sədri Səfər Mehdiyev ötən il ölkə mətbuatına müsahibəsi zamanı söylədiyi “Azərbaycanda inhisarçılıqla bağlı bircə fakt göstərin, istefa verəcəm” fikirləri ilə gündəmə gəlmişdi. Komitənin yüksək çinli məmurunun korrupsiya ittihamı ilə həbsindən sonra onun da yola salınacağı və gömrük sahəsində islahatlar aparılacağı söylənilir.

DGK sədrinin keçmiş birinci müavini, ali məktəblərdə tədris olunan gömrük dərsliklərinin müəllifi, professor Cümşüd Nuriyev  müsahibəsində Dövlət Gömrük Komitəsində aparılan yoxlamalar və digər məsələlər ətrafında danışıb.

– DTX-nın DGK-da yoxlamalar aparması və gömrük general-mayoru Ehtiram Xəlilovun həbs olunması bu sahədə ciddi islahatların aparılması zərurətini ortaya qoymurmu?

– DTX-nın DGK-da yoxlamalar aparması ilə bağlı məlumatlar yayılsa da, rəsmi səviyyədə təsdiq olunmayıb. Yalnız Komitənin “Azərterminalkompleks” birliyinin direktoru, gömrük general-mayoru Ehtiram Xəlilovla bağlı rəsmi açıqlama mövcuddur. Bildirilir ki, Xəlilov rüşvət aldığına görə dörd ay müddətinə azadlıqdan məhrum edilib. “Azərterminalkompleks” elə bir qurumdur ki, burada rüşvət faktının olması onu deməyə əsas verir ki, gömrük bəyannamələri düzgün doldurulmur. Çünki bəyannamələr məhz bu qurumda tərtib edilir. Bu birliyi Dövlət Gömrük Komitəsinin düşünən beyni və statistik mərkəzi adlandırırlar. Bütün məlumatlar məhz bu qurumda toplanır və buradan tirajlanır.

Gömrük bəyannaməsinə uyğunluq, keyfiyyət və məişət sertifikatları “Azərterminalkompleks” tərəfindən təsdiq edilir. Eyni zamanda məhsulların qiymətləri, yol qaimə sənədləri, ödəmə şərtləri bu qurum tərəfindən müəyyənləşdirilir. Əgər DTX rüşvət faktını təsdiq edirsə, bu, o deməkdir ki, gömrük bəyannamələri ilə bağlı ciddi problemlər mövcuddur. Hansı ki, bu bəyannamələr səhv doldurulduğu zaman İnzibati Xətalar Məcəlləsi ilə cəza mexanizmləri tətbiq edilir. Əgər rəsmi təsdiq olunarsa, bu, o demək olacaq ki, adıçəkilən idarədə vergidən yayınma və qaçaqmalçılıq halları baş verir. Bu da öz növbəsində çox ciddi məqamlardır.

– DGK sədri Səfər Mehdiyev ötən il mətbuata müsahibəsi zamanı bəyan etmişdi ki, inhisarçılıqla bağlı bircə fakt aşkar olunsa, istefa verəcək. Komitənin generalı korrupsiya ittihamı ilə həbs olunub. Mehdiyevin istefası gözlənilirmi?

– Tam səmimi olaraq demək istəyirəm ki, DGK-nın sədri ümumi fəaliyyətə nəzarəti həyata keçirir və bütün bunlardan xəbərsiz ola bilər. Çünki gömrükdə operativ nəzarət deyilən anlayış mövcuddur və “Azərterminalkompleks”i sədr müavinlərindən biri kurasiya edir. Cəzalandırmaq məsələsi gündəmə gələcəksə, ilk növbədə onun cəzalandırılması müzakirə mövzusu olacaq. O ki qaldı Səfər Mehdiyevə, o, Azərbaycanın ən gənc genaralıdır. Türkiyədə təhsil alıb və kifayət qədər peşəkar maliyyəçidir. Hesab etmirəm ki, onun bu olaylarda iştirakı var. Təbii ki, sədr kimi ümumi rəhbərliyi təmin etdiyinə görə onun da bu məsələlərdə məsuliyyəti olmamış deyil.

Mehdiyevin gömrükdə rüşvət faktı aşkarlanacağı təqdirdə istefa verəcəyini açıqlaması barədə mən də eşitmişəm. Lakin hələ də dəqiq bilmirik ki, doğurdan belə bir açıqlama olub, yoxsa bu, sadəcə şişirdilmiş jurnalist təxəyyülünün məhsuludur. Bu gün üçün rəsmi olaraq bilinən odur ki, Komitənin rəsmisi Ehtiram Xəlilov barəsində cinayət işi açılıb və həbs olunub. Təbii ki, onun əməlləri ilə bağlı istintaq aparılacaq. Rəsmi səviyyədə Komitədə aparılan yoxlamalarla bağlı məlumat veriləcək. Bundan sonra rəy vermək daha asan olacaq. Əgər yoxlamalar zamanı rüşvət və korrupsiya faktları təsdiqini taparsa və dorğudan da Səfər Mehdiyev belə bir fikir işlədibsə, o zaman onu sorğulamaq mümkün olacaq. Yəqin ki, o da bu suala öz cavabını verəcək. Bu məsələdə tələsik qərarlar verməyə lüzum duymuram.

– Dövlət Gömrük Komitəsinin rəhbərliyində çalışmısınız. Gömrüklə bağlı kitablarınız ali məktəblərdə tədris vəsaiti kimi istifadə olunur. Bir mütəxəssis kimi necə düşünürsünüz, gömrük islahatlarını həyata keçirmək üçün nədən başlamaq lazımdır?

– Azərbaycanda qəbul edilən yeni Gömrük Məcəlləsi müasir dünya standartlarına cavab verir. Gömrük işinin təşkili də bu məcəlləyə uyğun olaraq həyata keçirilir. Lakin bu günə qədər Azərbaycanın Milli Gömrük Konsepsiyası qəbul edilməyib. Çünki biz 25 ildir Ümumdünya Ticarət Təşkilatında məşvərətçi səslə çıxış edirik. Hazırda bu qurumun üzvü deyilik. Nə qədər ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatının üzvü deyil, ölkəmizin özünəməxsus Milli Gömrük Konsepsiyası olmalıdır. Bundan ötrü də bazar modeli yaradılmalı və tətbiq edilməlidir. 30 ildir dövlət müstəqilliyini əldə etsək də, bu günə qədər bazar modeli formalaşdıra bilməmişik. Bu, Nazirlər Kabinetinin səlahiyyətinə aid olan məsələdir və onlar bu problemi həll etməlidirlər.

Ya hökumət rəsmiləri bazar modelinin nə olduğunu anlamaq istəmirlər, ya da bunu həyata keçirmək niyyətləri yoxdur. Yalnız bundan sonra gömrük orqanları qarşısında ciddi tələblər irəli sürmək mümkündür. Gömrük dövlətin iqtisadi təhlükəsizliyini qoruyan bir qurumdur və Azərbaycanın daxili bazarında qiymətlərə nəzarət təmin edilmirsə, belə olduğu təqdirdə dövlətin iqtisadi təhlükəsizliyindən söhbət gedə bilməz. Bunlar kifayət qədər ciddi məqamlardır.

Çox təəssüf ki, Azərbaycanda bir-birinə bağlı çoxsaylı problemlər mövcuddur və bütün bunlar ümumi olaraq ölkə iqtisadiyyatının axsamasına, rüşvət və korrupsiyanın meydana çıxmasına səbəb olur. Nəzərə almaq lazımdır ki, Azərbaycanda gömrük rüsumları da kifayət qədər bahadır və buna görə də məsuliyyəti Nazirlər Kabineti daşıyır. Hansı ki, altı aydan bir Azərbaycan hökuməti gömrük rüsumlarında mövsümi dəyişiklik etməlidir.

– 30 ildir bazar iqtisadiyyatına keçid etsək də, Rəqabət Məcəlləsi qəbul edilmir. İqtisadiyyat Nazirliyinin rəsmisi bəyan edir ki, ilin sonuna qədər məcəllə qəbul olunacaq. Onun qəbul edilməsinə mane olanlar kimlərdir?

– Azərbaycanda idxal tam inhisardadır və buna görə məsuliyyəti təkcə Dövlət Gömrük Komitəsinin üzərinə qoymaq düzgün deyil. Azərbaycanda qanunvercilik bazasının işlənməsi zamanı ayrı-ayrı nazirlərin maraqları nəzərə alınır və buna uyğun formada qərarlar qəbul edilir. Çox təəssüf ki, bizdə qanunlar vəzifə tutanların imicinə və gücünə görə dəyişdirilir. Dünya təcrübəsində bir qanunun üzərində 25 dəyişiklik baş verirsə, həmin qanun yenidən işlənib hazırlanır. Azərbaycanda isə bəzi qanunlara yüzlərlə dəyişiklik olunub.

Ölkə 30 ildir dövlət müstəqilliyini elan edib, bazar iqtisadiyyatına keçid edib. Ancaq Azərbaycanın Maliyyə Məcəlləsi və Rəqabət Məcəlləsi yoxdur. Bunun nəyi bazar iqtisadiyyatı oldu ki?! Ölkədə bir neçə cür bazar formalaşıb və təkmil bazar yoxdur. Oliqarx məmurlar idxala nəzarət edirlər və bu, heç kimə sirr deyil. Onlar imkan vermirlər ki, bu məcəllələr qəbul edilsin. Çüni bu qanunlar qəbul edilərsə, onların maraqlarına toxunmuş olacaq. Bu səbəbdən ilk növbədə məmur oliqarxiyasına son qoyulmalıdır. Bundan sonra digər məsələr haqqında danışmaq olar./ayna.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password