Özəl bağçaların ödənişləri əlçatan deyil – Qiymətlər nəyə əsasən tənzimlənir?
Azərbaycanda özəl bağçaların ödənişləri bir çox valideynlər üçün əlçatan deyil. Ona görə də əksər ailələr çalışırlar ki, uşaqlarını dövlət müəssisələrinə göndərsinlər. Ancaq özəl bağçaları da seçənlər az deyil.
Aylığı 250 manatdan başlayan və illiyi 6 min manata qədər olan bağçalar var.
Qiymətləri və göstərdikləri xidmətləri öyrənmək üçün bir neçə özəl bağça ilə əlaqə saxladıq. Bildirildi ki, ödənişlərə, əsasən qidalanma, idman, rəqs dərsləri, həmçinin Azərbaycan, rus və ingilis dilinin tədrisi daxildir.
Müqayisə üçün dövlət bağçalarındakı vəziyyəti də öyrəndik. Əlaqə saxladığımız müəssisədən deyildi ki, təlimlər Azərbaycan və rus bölməsi üzrə aparılır. Bundan başqa, bağçada gündə 4 dəfə qidalanma, müxtəlif oyunlar və rəsm dərsləri təşkil edilir. İngilis dili üzrə tədris isə valideynlərin xahişi əsasında olur.
Təhsil eksperti Elşən Qafarovun sözlərinə görə, özəl bağçaları yoxlayan qurum olmadığından, orada göstərilən xidmətlər və qiymətlər barədə vəziyyəti öyrənmək çətindir.
Ekspertin fikrincə, valideynlərin asan seçim etmələri üçün ilk növbədə məktəbəqədər təhsil müəssisələrinin sayı artırılmalıdır. Çünki ölkə üzrə bağçaların sayı tələbatı ödəmir.
Millət vəkili Ceyhun Məmmədov isə deyib ki, özəl bağçalarda qiymət məsələsi İqtisadiyyat Nazirliyi tərəfindən tənzimlənir.
Millət vəkili bildirib ki, dünyanın bir çox yerlərində özəl bağçalarda qiymətlərin tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir.
Xezerxeber.az mövzu ilə bağlı “Xəbər Ertəsi”nin hazırladığı videomaterialı təqdim edir: