Moskvadan yeni təklif: Lavrovu Bakıya göndərən Putinin hədəfi…

 

“Şərq-Qərb” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu müsahibə verib.

Müsahibəni təqdim edirik.

– Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qondarma Luqansk və Donetsk respublikalarını tanımayacağını bildirdi. Tokayevin kənardan cəsarətli görünən açıqlaması, həm də bunu Rusiyada dilə gətirməsi gündəmin əsas müzakirə mövzusudur. Maraqlıdır, bir neçə ay əvvəl Qazaxıstandakı etirazları yatırmaq üçün Rusiyadan yardım istəyən Tokayev indiki həssas məqamda niyə həmin Rusiyaya ziddi gedir?

– Bunu çoxsaylı səbəbləri ola bilər. Birincisi və ən başlıcası, Rusiyanın Ukraynaya təcavüzünün bu gün üçün ortada olan nəticələridir. Nəticələr isə heç də Rusiyanın xeyrinə deyil: 5-10 günə Ukraynanı ram edəcəyini iddia edən Putinin bu siyasəti tam iflasa uğradı və Rusiyanın illər boyu dünyanı təhdid etdiyi hərbi gücünün real dəyərini, çəkisini göstərdi. Başqa sözlə desək, Rusiya ordusunun yenilməzlik mifi sabun köpüyü kimi partladı və artıq bu ölkəni yaxın onilliklər üçün ciddi problemlərin gözlədiyi heç kəs üçün sirr deyil.

Məntiq də deyir ki, məğlubun yanında olmaq məğlubiyyətin ağrı-acılarını yaşamaq, bölüşmək deməkdir. Qazaxıstanın isə bunları bölüşmək üçün heç bir motivi yoxdur. Qazaxıstan hətta KTMT üzvü olmasına rəğmən, Ukraynaya qarşı təcavüzdə iştirakdan imtina etdi.

Digər səbəb, ölkə əhalisi arasında “rus marioneti” kimi qəbul olunan Tokayevin həmin imicdən qurtulmaq istəyi ola bilər. Başqa bir səbəb, Qazaxıstanın öz milli maraqlarını Rusiya liderinin qeyri-sağlam ambisiyalarına qurban verməmək, beynəlxalq huquqdan kənara çıxmamaq istəyi, nəhayət, Qazaxıstanın digər dünya və region güclərindən təhlükəsizliyinə təminatlar alması ola bilər ki, burada da ilk növbədə Çinlə Türkiyəni qeyd edə bilərik.

– Rusiya xarici işlər naziri Sergey Lavrov yaxın günlərdə Azərbaycana səfər edəcək. Bəs bu səfərdə məqsəd nə ola bilər, sizcə, Lavrov Bakıya hansı istəklərlə gəlir?

– Lavrovun Azərbaycana səfərinin əsas hədəfləri Rusiyanın Cənubi Qafqaz və Yaxın Şərq siyasətini reallaşdırmaq üçün rəsmi Bakıdan əldə etmək istədiyi güzəştlərdir. 44 günlük müharibə zamanı həmin hədəflərə çata bilməyən Moskva indi buna Azərbaycana müxtəlif yollarla təzyiq etməklə nail olmağa çalışır. Belə təzyiqlərin sayı və yolları isə olduqca çoxdur. Rusiya təzyiq məqsədilə Qarabağın dağlıq hissəsinə yerləşdirilmiş “sülhməramlılar”ın qanunsuz erməni silahlı dəstələrinə və separatçı qondarma quruma yenidən nəfəs verməkdə davam edir. Başqa təzyiq metodları kimi, Ermənistanın Azərbaycanla sərhədyanı bölgələrinə Rusiya həbçilərinin yerləşdirilməsini, Azərbaycanın daxilindəki “5-ci kolon”un aktivləşdirilməsini, Rusiyadakı azərbaycanlıların bəzilərindən istifadə etməklə ölkəmizə qarşı xüsusi təxribat dəstələrinin yaradılmasını və sair göstərmək olar.

Təzyiqlərin məqsədi isə Azərbaycan ərazisindəki qlobal əhəmiyyətli nəqliyyat-kommunikasiya imkanlarına nəzarəti ələ keçirmək, Azərbaycanla Ermənistan arasında Avropa Birliyinin vasitəçiliyilə aparılan sülh danışıqlarını əngəlləmək və Bakının xarici siyasətində Rusiya vektorunun dominantlığına nail olmaqdır.

Bütün bunların Azərbaycanın milli maraqları ilə diametral ziddiyyət təşkil etdiyini anlayan Moskva hədəflərinə təzyiqlər yolu ilə nail olmağa çalışır, amma görünən odur ki, heç təzyiqlər də effektli ola bilmir. Görünür, Lavrov bu dəfə həm də mümkün tərəfdaşlıqla bağlı hansısa yeni təkliflərlə gələcək, amma səfərin real nəticələr ortaya qoyacağı inandırıcı görünmür.

– Türkiyə və Yunanıstan arasında da vəziyyət gərgindir. Prezident Rəcəb Tayyib Ərdoğan Afinanın pozucu addımlarına cavab olaraq, Baş nazir Kiryakos Mitsotakislə görüşdən imtina etdi. Necə düşünürsünüz, gərginlik hara qədər inkişaf edə bilər?

– Əvvəla, onu qeyd etmək istərdim ki, Ankara ilə Afina arasında yaşanan gərginlik Türkiyənin müstəqil xarici siyasət yürütmək cəhdinə reaksiyalardan biri ola bilər. Çünki Yunanıstanla münasibətlərdə gərginlik Türkiyə ətrafında yaradılan gərginlik zolağının yalnız bir parçasıdır. Burada Suriya, Liviya və ümumiyyətlə Şərqi Aralıq dənizi hövzəsi də var. Bu da azmış kimi, Finlandiyanın, xüsusilə də İsveçin NATO-ya üzv olmaq istəyi ətrafında baş verənlər, nəhayət, Türkiyəni gah Rusiya ilə, indi də Ukrayna ilə toqquşdurmaq cəhdləri də görünməkdədir. Şübhəsiz ki, bunların hamısı müstəqil xarici siyaəsət yürütmək istəyinin, iradəsinin bədəlidir.

Bundan başqa, sanki bəzi ölkələr Türkiyə-Yunanıstan münaqişəsi yaratmaqla diqqəti Rusiyanın Ukraynaya hərbi təcavüzündən yayındırmağı və eyni zamanda, NATO daxilində parçalanma yaratmağı hədəfləyiblər. Amma konfliktin çox uzağa gedə biləcəyi və hərbi qarşıdurmaya çevriləcəyi heç inandırıcı görünmür.

Birincisi, tərəflərin gücləri çox fərqlidir; ikincisi, aparıcı NATO ölkələri buna yol verməzlər; üçüncüsü, tərəflərin özləri belə münaqişənin ağır fəsadlarının ola biləcəyinin fərqindədir.

İki ölkə arasındakı bütün mübahisəli məsələlərin danışıqlar yolu ilə çözülməsi imkanları hələlik yetərincədir və zənnimcə, belə də olacaq. Təbii ki, üçüncü tərəflərdən hansısa məqsədli təxribatlar törədilməsə. Belələri isə yetərincədir, özü də onlar təkcə NATO-ya rəqib düşərgədə deyil, elə Şimali Atlantika alyansının daxilində də var.

– Son zamanlarda bir sıra Qərb liderlərinin adından Ukraynanın Rusiyaya ərazi güzəşti etməli olduğuna dair iddia yayılır. Həmin iddiada daha çox Olaf Şolz, Emmanuel Makron ve Mario Draqinin adları hallanır. Kiyev isə belə iddialara cavab olaraq, təkcə Donbas ve digər ərazilər yox, Krımın da azad olunacağın bildirir. Ukraynanın güzəştə məcbur edilməsi müzakirə mövzusudurmu, yaxud Kiyevin seçimi nə ola bilər?

– Bu, daha çox kontinental Avropa ölkələrinin bəzilərinin istəyinin ifadəsidir, amma Ukraynanın belə güzəştə gedəcəyi inandırıcı görünmür. Müharibənin uzanması təkcə münaqişə tərəflərinə deyil, həm də Avropa ölkələrinə baha başa gəlir, amma bu, heç də Ukraynanın təslimçi sülhə məcbur edilə biləcəyi anlamına gəlməməlidir. Üstəlik də belə olduğu halda, Rusiyanın Ukrayna ilə kifayətlənəcəyi inandırıcı görünmür. Xüsusilə də Putinin son açıqlamaları bunun tam əksini göstərir.

Nəhayət, Ukraynaya əsas hərbi, siyasi, iqtisadi dəstəyi verən ABŞ-ın və Böyük Britaniyanın belə təşəbbüsləri dəstəklədiyi görünmür. Odur ki, Kiyevin öz haqlı savaşında mümkün qədər sonadək gedəcəyini istisna etməzdim. Amma burda da yekun qərar təbii ki, Ukraynaya göstərilən yardımlardan asılı olacaq. Hər bir halda belə qərar qəbul etmək Ukrayna hakimiyyəti üçün asan olmazdı və ona görə də Kiyevin sonadək geriyə çəkilməyəcəyini demək olar.

Təbii ki, dediyim kimi, hərbi yardımlar kəsilməsə… Köməyin dayandırılacağını demək də mümkün deyil. İstənilən halda belə əlamətlər hələlik görünmür./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password