32 milyardlıq büdcədən kimə nə düşəcək? – Hökumət müdafiə və təhlükəsizlik, eləcə də sosial müdafiə xərclərini kəskin artırır
Azərbaycan hökuməti 2022-ci ilin dövlət büdcəsində neftin qiymətini artırmağa hazırlaşır. Hazırda qüvvədə olan büdcə haqqında qanunda “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 50 ABŞ dollarından götürülüb. Bu rəqəmin 35 dollar artırılaraq 85 dollara çatdırılması nəzərdə tutulur.
Hazırda bununla bağlı layihə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirə edilir.
Layihədə büdcənin gəlir və xərclərinin də artırılması nəzərdə tutulur. Mövcud sənəddə gəlirlər 26 mlrd. 816 mln. manat, xərcləri isə 29 mlrd. 879 mln. manat proqnozlaşdırılıb. Müzakirəyə çıxarılan layihədə isə gəlirlər 29 mlrd. 198 mln. manat, xərclər 32 mlrd. 304 mln. manat müəyyən edilib.
Müzakirələr zamanı Maliyyə naziri Samir Şərifov bildirib ki, yenidən baxılmaqla dövlət büdcəsinin gəlirlərinin 2 milyard 382 milyon manat və kəsirin 43 milyon manat artımı nəzərdə tutulur.
Nazir deyib ki, eyni zamanda təsdiq olunmuş xərclər arasında aparılacaq dəyişiklik (561 milyon manat) hesabına formalaşacaq 2 milyard 986 milyon manat vəsaitin əsasən aşağıdakı prioritet vəzifələrin maliyyə təminatına yönəldilməsi nəzərdə tutulur:
– İşğaldan azad olunmuş ərazilərdə yol infrastrukturunun yaradılması ilə bağlı layihələrin, həmçinin ölkəmizin digər regionlarında nəqliyyat-kommunikasiya infrastrukturunun təkmilləşdirilməsi üzrə layihələrin maliyyələşdirilməsi – 1 milyard 447 milyon manat;
– Vətən müharibəsi zamanı ölkənin bəzi rayon və şəhərlərində zərər çəkmiş yaşayış və qeyri-yaşayış sahələrinin bərpası və yenidən qurulması və digər yaşayış məntəqələri üzrə tədbirlərin maliyyələşdirilməsi – 34 milyon manat;
– Müdafiə qabiliyyəti və hərbi qüdrətin daha da artırılması, milli təhlükəsizlik sahəsində tədbirlərin maliyyələşdirilməsi üzrə – 588 milyon manat;
– Sosial müdafiə sahəsində, o cümlədən cari il ərzində götürülən sosial öhdəliklərin, əmək pensiyaları üzrə maddi yardımların, əmək haqqı və sosial müavinətlər üzrə ödənişlərin maliyyələşdirilməsi üzrə – 519 milyon manat;
– Ərzaq təhlükəsizliyi üzrə tədbirlərin təmin edilməsi üzrə – 193 milyon manat;
– Sahibkarlığın inkişafı ilə bağlı tədbirlərin dəstəklənməsi – 163 milyon manat;
– Bir sıra zəruri kommunal və kommunikasiya xərclərinin təmin edilməsi üzrə 42 milyon manat.
Yenilənmiş proqnozlarına əsasən, müdafiə və milli təhlükəsizlik xərcləri 5 milyard 084,760 milyon manat səviyyəsində müəyyən edilib. Bu, əvvəlki büdcə proqnozu ilə müqayisədə 594,868 milyon manat və ya 13,2 % çoxdur.
Məlumata görə, ümumi xərclərin 2 milyard 164,705 milyon manatı (əvvəlki proqnozla müqayisədə 3 milyon manat çox) müdafiə qüvvələri.
295 milyon manatı (10 milyon manat və ya 3,5 % çox) milli təhlükəsizlik;
433 milyon manatı (dəyişməyib) sərhəd xidməti, 4 milyon manatı (cüzi artıb) müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar;
2 milyard 187,161 milyon manatı (581,6 milyon manat və ya 36,2 % çox) müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər;
2 milyard 180,442 milyon manatı (580 milyon manat və ya 36,2 % çox) xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə nəzərdə tutulub.
Məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq xərcləri isə 2 milyard 482,255 milyon manat səviyyəsində müəyyən edilib ki, bu da, təsdiq edilmiş proqnoz ilə müqayisədə 49,6 milyon manat və ya 2 % çoxdur.
Bunun 133,7 milyon manatı (əvvəlki proqnozla müqayisədə 18,9 milyon manat və ya 16,5 % çox) məhkəmə hakimiyyəti, 1 milyard 840,748 milyon manatı (84 milyon manat və ya 4,8 % çox) hüquq mühafizə, 108,6 milyon manatı (5,9 milyon manatı və ya 5,7 % çox) prokurorluq, 10 milyon manatı (dəyişməyib) məhkəmə qərarının icrası, 4 milyon manatı (cüzi artıb) hüquqi yardım, 384,9 milyon manatı (59,5 milyon manat və ya 13,4 % az) məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq sahələrinə aid edilən digər fəaliyyətləri üzrə nəzərdə tutulub.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili müzakirələr zamanı deyib ki, bu ilin beş ayında Azərbaycan neftinin orta ixrac qiyməti bir barelə görə 106.3 dollar təşkil edib.
Deputat Əli Məsimli isə deyib ki, dövlət büdcəsi ilə bağlı proqnozlara aydınlıq gətirilməli məsələlər var: “Hansı əsasla ilin ilk 5 ayında ümumdaxili məhsulun həcmi 7 faizin üzərində olduğu bildirilir və ilin sonrakı dövründə 5 faiz ətrafında olacaq? Bundan əlavə inflyasiya göstəricisi 12.5 faizdir. Hansı əsasla qeyd etmək olar ki, ilin sonrakı dövründə də bu rəqəmlər ətrafında olacaq? Mən buna inanmıram”.
Əli Məsimli vurğulayıb ki, neft gəlirlərinin artımından Azərbaycan xalqının payına nə düşəcək, bunu qeyd etmək lazımdır.
İqtisadçı Rövşən Ağayev isə bildirir ki, büdcəni böyüdən əsas amil yüksək inflyasiyadır.
Onun sözlərinə görə, bu faktı elə gömrük yığımlarına münasibətdə aydın görmək olur: “Yeni büdcədə gömrük orqanlarına 335 mln. manat əlavə öhdəlik müəyyən edilib. 2022-ci ilin 4 ayının nəticələrinə görə isə gömrük idxalı real ifadədə 5% azaldığı halda, qiymət artımı nəticəsində nominal ifadədə 20% artıb. Bu faktı göstərir ki, təkcə idxal mallarının bahalnması il ərzində cibumizdən 400 mln. manata yaxın əlavə pul çıxaracaq”.
İqtisadçı əlavə edir ki, Azərbaycanın istehlak bazarının idxaldan yüksək asılılığı var.
“Bu asılılığın səviyyəsini nəzərə alanda idxalın real həcminin azalması ev təsərrüfatlarının alıcılıq qabiliyyətinin azalmasından dolayı tələbin azalmasına işarə edir. Yəni statisitkanın yüksək artım rəqəmlərinə baxmayaraq əhalinin rifahı pisləşir. Azərbaycanda kəmiyyətcə iqtisadi böyümənin həyat səviyyəsilə əlaqəsinin indiki səviyyədə itməsi son 15 ildə müşahidə edilməmişdi”,- R.Ağayev vurğulayıb./apolitika.info