BDU-da rüşvət qalmaqalı: “Altdan-altdan iş görürlər”
Bakı Dövlət Universitetinin (BDU) adı rüşvət qalmaqalında hallanan Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin müəllimi Sədaqət Əhmədovanın əmək müqaviləsinə xitam verilib.
Qeyd edək ki, Bakı Dövlət Universitetinin bir qrup tələbəsi müəllimin onları kütləvi şəkildə imtahandan kəsdiyini iddia edib. Onların sözlərinə görə, S.Əhmədova qiymət yazmaq üçün tələbələrdən 3-5 min manat rüşvət tələb edirmiş.
Təhsil eksperti Kamran Əsədov açıqlamasında deyib ki, bu cür halların baş verməməsi üçün dövlət imtahanı ləğv edilməli idi:
“BDU-da 3 ilə yaxındır ki, bu və bunun kimi digər neqativ hallarla qarşılaşmamaq üçün rəhbərlik tərəfindən çox ciddi mübarizə aparılır. Ancaq buna tam olaraq nail olmaq hələ də mümkün olmayıb. Çünki uzun illərdir universitet daxilində problemli adamlar var.
Universitet rəhbərliyi bu kimi neqativ hallara qarşı nə qədər mübarizə aparsa da, onlar fərdi qaydada altdan-altdan iş görür, ümumi islahatların tam əksinə müəyyən fəaliyyətlə məşğul olurlar. Təəssüflər olsun ki, dövlət imtahanı verən tələbələrin bilik və bacarıqlarının zəif olmasından sui-istifadə edənlər var. Dövlət imtahanı tələbələrin daha yaxşı ixtisaslı kadr olması üçün ortaya qoyulan bir mexanizmdir. Bu imtahan tələbənin 4 il ərzində mənimsədiyi biliyi bir daha təkrar edib əmək bazarına daxil olmaq imkanı yaradır. Ancaq bizim tələbələrimiz pandemiya dövründə güzəştlər aldı, zəif oxuduqlarına görə indi dövlət imtahanı vermək istəmirlər. Çünki kəsilmə ehtimalının böyük olduğunu bilirlər. Bəzi müəllimlər isə bu vəziyyətdən sui-istifadə etmək istəyir və bu da birbaşa olaraq universitet qaydalarına ziddir.
Son 3 il ərzində BDU-da idarəetmənin təkmilləşdirilməsini görə bilirik. Rektorla əlaqə əlçatandır, hər hansı problem avtomatik olaraq həll edilir, tələbə-müəllim münasibətləri sağlamlaşdırılıb. Ancaq buna baxmayaraq bəziləri özlərinin köhnə vərdişlərindən əl çəkmək və universitetdəki yeni ab-havanı hələ də qəbul etmək istəmirlər”.
Ekspert bildirib ki, buna yol verənlər birmənalı olaraq cəzalandırılacaq. Onun sözlərinə görə, bu problemin aradan qaldırılması və yeganə çıxış yolu dövlət imtahanını ləğv etmək idi:
“Universitet rəhbərliyi istər pandemiya dövründə tələbələrin təhsil haqlarının ödənməsi, semestr imtahanları, dövlət imtahanı ilə bağlı həmişə humanist mövqe göstərib, onlara güzəştlərin edilməsi, dəstəyin verilməsini ortaya qoyub. Sadəcə olaraq indi bəzi müəllimlər bu vəziyyətdən öz maddi maraqlarına görə istifadə etməyə çalışırlar”./yenisabah.az