X Qlobal Bakı Forumu çərçivəsində dördüncü panel iclası keçirilib
İyunun 17-də IX Qlobal Bakı Forumu çərçivəsində “Qlobal səhiyyə idarəetməsi” mövzusunda dördüncü panel iclası keçirilib.
Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Laqumdziyanın moderatorluğu ilə keçirlən iclasda koronavirus pandemiyasından sonrakı bərpa məsələləri və səhiyyə sisteminin qlobal koordinasiyasının təmin olunması müzakirə olunub.
Z.Laqmurdziya pandemiya dövründə Bosniya və Herseqovinaya göstərilən köməyə görə Azərbaycana və bilavasitə Prezident İlham Əliyevə təşəkkür edib.
Azərbaycanın səhiyyə naziri Teymur Musayev çıxışı zamanı qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında müvafiq işçi qrupu yaradılıb, tibb müəssisələri zəruri avadanlıqlarla təchiz edilib, yataq yerlərinin sayı artırılıb. O qeyd edib ki, pandemiyanın əvvəlindən ölkə ÜST ilə sıx əməkdaşlıq çərçivəsində işləyib.
“Biz insanların virusun mənşəyi və vaksinlənmənin zərurəti barədə maarifləndirilməsi üzrə ictimai kampaniyalar keçirdik”, – deyə o bildirib.
Nazir, həmçinin səhiyyə işçilərinin peşə bayramını təbrik edib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus qlobal səhiyyə sisteminin daha mütəşəkkil idarə olunması üçün təşkilatın vacibliyini qeyd edib. Onun sözlərinə görə, dünya ölkələri səylərini birləşdirməli və qlobal problemlərə ümumi reaksiya tədbirləri ortaya çıxarmalıdır. O əlavə edib ki, hər il qlobal səhiyyə sektorunun maliyyələşdirilməsi üçün 31 milyon dollar tələb olunur.
BMT-nin keçmiş baş katibi Pan Gi Mun öz videomüraciətində hazırkı qeyri-müəyyənlik müddətində Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq səviyyəsinin artırılmasının zəruriliyini vurğulayıb. O əlavə edib ki, COVID-19 pandemiyası bəşəriyyətin nə qədər əlaqəli və həssas olduğunu göstərdi.
Panel digər iştirakçıların müzakirələri ilə davam edib./trend.az