Mübariz Qurbanlının rəis müavini olan qardaşı oğlu yaşlı kişini döyüb?

 

Gəncə şəhəri, Nizami küçəsində yerləşən “Tağıyev” ticarət mərkəzinin önündə lotereya biletlərinin satışı ilə məşğul olan Aydın adlı şəxsin mülki geyimli polis polkovnik-leytenantının hücumuna məruz qaldığı iddia edilib.

 

Hadisə şahidlərinin verdikləri məlumata görə, mülki geyimli şəxs 60-65 yaşlarında olan Aydına yaxınlaşaraq ondan 5-6 paçka lotereya istəyib. Aydın isə o qədər lotereyasının olmadığını, ən yaxşı halda 2 paçka verə biləcəyini deyib. Məhz bu vaxt mülki geyimli şəxs Aydını ağır ifadələrlə təhqir edib və bədən xasərəti yetirib.

Bunu görən ətrafdakı Gəncə sakinləri yaşlı adamı döydüyü üçün həmin mülki geyimli şəxsi sakitləşdirməyə çalışıblar. Lotereya satıcısını döyən şəxs aranın qarışdığını, vəziyyətin qəlizləşdiyini gördükdə vəsiqəsini çıxarıb təqdim edib. Bununla da məlum olub ki, yaşlı kişini ağır ifadələrlə təhqir edən, ona bədən xəsarəti yetirən şəxs Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşı oğlu, əvvəllər Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin rəisi vəzifəsində işləmiş, hazırda isə Samux Rayon Polis Şöbəsində (RPŞ) xidmət üzrə rəis müavini vəzifəsində çalışan polis polkovnik-leytenantı Emin Qurbanovdur.

Əldə etdiyimiz məlumatda o da qeyd olunur ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun Gəncədə səfərdə olduğu vaxta təsadüf edən hadisə zamanı Mübariz Qurbanlının qardaşı oğlu, polis polkovnik-leytenantı Emin Qurbanov sərxoş vəziyyətdə olub.

Bildirilir ki, bundan sonra Aydın Daxili İşlər Nazirliyinin “102” – Zəng Mərkəzinə telefon açıb. Bundan sonra post patrul xidmətinin əməkdaşları əraziyə yaxınlaşıb. Lakin onlar mülki geyimli, sərxoş vəziyyətdə yaşlı kişini təhqir edən, ona bədən xəsarəti yetirən Emin Qurbanovu deyil, Aydın adlı lotereya satıcısını maşına mindirib aparıblar. Deyilənlərə görə, polis əməkdaşları olayı araşdırmaq, Emin Qurbanov barəsində müvafiq ölçü götürmək əvəzinə Aydın kişiyə ”Narahat olma, səs-küy salma, o içkili olub, gəlib səndən üzr istəyəcək, biz səni onunla barışdıracağıq”, deyə bildiriblər.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov “Hürriyyət”ə bildirib ki, məsələ ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsində müvafiq araşdırmalar aparılıb.

Onun sözlərinə görə, araşdırmalar zamanı E. Qurbanovun xidmətdən kənar vaxtda olması, spirtli içki qəbul etmədiyi, həmçinin vətəndaşı təhqir etmədiyi və ona xəsarət yetirmədiyi məlum olub.

Qeyd olunur ki, müraciət müəllifinin hər hansı şikayəti olmadığına görə araşdırma dayandırılıb./hurriyyet.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password