İrəvan şifahi razılaşmanı pozur – Əliyev tələb etdi
Əliyevin Qlobal Bakı Forumunda çıxışı Qarabağ və Ermənistanla münasibətlər fonunda müəyyən məqamlara aydınlıq gətirir, eləcə də proseslərin mümkün inkişafına dair ehtimalları önə çıxarır.
Birinci, Bakının Zəngəzur dəhlizi ilə bağlı gündəliyi dəyişməyib: Brüsseldə dəhlizin “yol məntiqi” üzrə açılması haqda şifahi razılaşma olsa da, Əliyev üçtərəfli bəyanata əsasən, “maneəsiz çıxış”ın təmin edilməsini tələb edir və ermənlərin Laçın yolundan maneəsiz istifadəsinin disbalans yaratdığını deyir; bununla təsdiq edir ki, Zəngəzurdan “maneəsiz çıxış” verilməsə, Laçından da “maneəsiz çıxış” olmayacaq; Əliyevin Laçın dəhlizini ilk dəfə “Laçın yolu” adlandırması da verdiyi mesaj fonunda diqqət çəkir;
İkinci, Qarabağda etnik ermənilərin “təhlükəsizliyi və hüquqlarının təmin edilməsi” Azərbaycan Konstitusiyası ilə təmin ediləcək: ermənilərin bölgədə qalmasının yeganə yolu yaşadıqları ölkənin vətəndaşlığını qəbul etməkdir;
Üçüncü, Əliyev “status” iddialarının yeni qarşıdurmaya səbəb olacağını deyir və bunu təkcə İrəvana yox, “status”u təzyiq rıçağı kimi görən bütün tərəflərə ünvanlayır;
Dördüncü, “status” məsələsinin gündəmə gətirilməməsi ilə bağlı şifahi razılıq olub və istisna deyil ki, bu razılaşma Brüsseldə əldə olunub, Paşinyanın “status” iddiasını “təhlükəsizlik və hüquq”la əvəz etməsi də bundan qaynaqlanır: lakin İrəvan razılaşmaya əməl etmir və Əliyev bunun Ermənistan üçün mənfi nəticələri haqda xəbərdarlıq edir;
Beşinci, İrəvan Qarabağda “status” istəsə, Azərbaycan Qərbi Zəngəzurda status tələbini irəli sürəcək: Əliyev mesaj verir ki, İrəvan növbəti dəfə “status” tələbindən çıxış edərsə, Bakı Qərbi Zəngəzurda status tələbini praktiki mərhələyə keçirə bilər.
Bakı artıq Ermənistan tərəfindən praktiki mərhələdə addımların atılmasını tələb edir. Prosesin uzanması hərbi müstəvidə addımları zərurətə çevirə bilər./axar.az