Ermənilər Laçında təxribata hazırlaşır – Detallar
Ermənistanda revanşistlər Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsinə qarşı təxribat hazırlayır. Mümkün təxribatlar “Azadlıq hərəkatı” adlanan radikal hərəkat tərəfindən planlaşdırılıb.
Hərəkatın həmtəsisçisi Nairi Oxikyan deyir ki, hazırda onların üzvləri Laçının “müdafiəsində” fəal iştirak edir.
“Bildiyiniz kimi, Nikol Paşinyan iyulun 1-də Laçını Azərbaycana təhvil verməyi planlaşdırır. “Azadlıq Hərəkatı” indi bunun qarşısını almaq üçün fəal mübarizə aparır”, – Oxikyan deyib.
O, “bunun qarşısını necə alacaqsınız” – sualına “icazə verin, bu haqda detallı danışmayım”- cavabını verib.
Oxikyan sözlərinə əlavə edib ki, onlar müxtəlif aksiyaların təşkili, hüquqi və siyasi addımların həyata keçirilməsi yolu ilə Laçının təhvil verilməsini müəyyən müddətə təxirə salmağı düşünürlər:
“İndi biz konkret addımlar atır, müxtəlif danışıqlar aparırıq”.
Qeyd edək ki, 10 noyabr razılaşmasına əsasən, Laçın dəhlizinin alternativ marşrutu üç il müddətində hazırlanmalı, bundan sonra dəhlizin keçdiyi şəhərin mərkəzi də Azərbaycanın nəzarətinə keçməlidir. Azərbaycan tərəfi alternativ marşrutu iki il müddətində inşa etməyi planlaşdırılır. Məlumatlara görə, yeni marşrut iyulun 1-də, yaxud bu ilin sonuna kimi istifadəyə verilə bilər. Bundan sonra Laçının mərkəzi və hazırki dəhlizin keçdiyi ərazilər Azərbaycana təhvil veriləcək. Şəhərdə və dəhliz boyunca yerləşən ərazilərdə yaşayan ermənilər də ərazini tərk etməli olacaq.
Oxikyanın açıqlaması isə ermənilərin bunun qarşısını almağı planlaşdırdığını deməyə əsas verir. Hesab etmək olar ki, erməni revanşistlər, Oxikyanın dediyi kimi, müxtəlif aksiyalarla Paşinyana təzyiq etmək, onu üçtərəfli razılaşmanın 6-cı bəndini pozmağa məcbur etmək istəyirlər, fəqət açıqlamada iki məqam təxribatın Laçında ola biləcəyi versiyasını önə çıxarır:
Birincisi, Oxikyan hərəkatın üzvlərinin Laçının “müdafiəsində” fəal iştirak etdiyini deyir;
İkincisi, o, atacaqları addımların detallarını açıqlamaqdan imtina edir.
Mümkündür ki, erməni təxribatçılar Laçının hazırda rus sülhməramlılarının nəzarətində olan bölgələrində silahlı dəstələr yaradıb və alternativ marşrutun istifadəyə verilməsindən sonra hərəkətə keçəcəklər.
Bu prosesdə Rusiyanın da müəyyən maraqları var:
– Ermənistan tərəfinin məlumatları yeni marşrutun onlar üçün əlverişsiz olduğu yönündədir: bu, ruslara sərf etmir, çünki yeni yol ermənilərin Qarabağa gediş-gəlişini çətinləşdirə, əhalinin bölgədə qalmaq perspektivini daha da azalda bilər;
– Bakı “Zəngəzur və Laçın dəhlizi eyni rejimlə işləməlidir” tələbini yeni marşrutun istifadəyə verilməsindən sonra aktuallaşdıra bilər;
– Moskva Laçın şəhərinin Azərbaycana təhvil verilməsi məsələsini “üçtərəfli razılaşmalarda irəliləyişlər”dən biri kimi Bakıya qarşı kart kimi istifadə etməyi planlaşdırır və istisna deyil ki, bu kartı hələki əlindən çıxarmaq niyyətində deyil;
“Azadlıq hərəkatı”nın üzvlərinin Laçının “müdafiəsi”ndə iştirakı” doğrudursa, bunun rus sülhməramlılarının icazəsi olmadan etmədikləri də bəllidir.
Və Paşinyanın da burada öz oyununun olması ehtimalı nəzərdən qaçmamalıdır. Rəsmi İrəvanın “Azadlıq hərəkatı”ndan ikinci “Sasna srer” hadisəsi düzəldə bilməsi mümkün versiyalardan biridir, çünki:
– Laçın şəhərinin Azərbaycana təhvil verilməsi daxildə Nikola qarşı etirazları körükləyəcək;
– Ermənistan “sülhdən bəhs etsə də”, Qarabağa dair niyyətlərindən əl çəkmir və mövcud dəhlizin yeni marşrutla əvəzlənməsinin bölgədə yaşamaq perspektivinə mənfi təsir edəcəyi gözləntisi fonunda Paşinyan da 6-cı bəndin icrasını ən azı müəyyən müddətə təxirə düşməsində maraqlıdır: burada Qarabağdan erməni əhalisinin Ermənistana birdəfəlik qayıtmasının Paşinyan üçün əlavə sosial-iqtisadi problemlər olduğu da nəzərə alınmalıdır;
Bütün hallarda Bakı bu informasiyanı diqqətdə saxlamalı, mümkün təxribat riskini yerində yoxlamalıdır./*publika.az