Ölkəmizin taleyində dönüş yaradan tarix – Milli Qurtuluş Günü
Məlum olduğu kimi Azərbaycan xalqı arıq 29-cu ildir ki, iyun ayının 15-ni milli qurtuluş bayramı kimi qeyd edir. Bu tarixi yaradan isə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın inkişafında müstəsna rol oynayan, müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan Ümummilli Lider Heydər Əliyevdir. Düz 29 il əvvəl iyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər bütün təhlükələrə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.
Göründüyü kimi mərhum Heydər Əliyevin vaxtında atdığı əsarətli addımlar bu gün milli qurtuluş ideologiyasının təntənəsinə çevrilib və müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən Milli Məclisin qərarı ilə rəsmi bayram kimi qəbul edildi, 15 iyun tarixi 1998-ci ildən isə dövlət səviyyəsində bayram kimi qeyd olunur.
Yaxın tariximizə nəzər salsaq görərik ki, XX əsrin sonlarında dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan çox keçmədən böyük təhlükələrlə üzləşmişdi. Bir tərəfdən mənfur Ermənistan tərəfindən torpaqlarımızın işğal edilməsi, digər tərəfdən ölkə daxilində siyasi böhran, xaosun hökm sürməsi Azərbaycanı ciddi təhlükələrə doğru sürükləyirdi. Bu proses 1993-cü ilin iyununda özünün kulminasiya nöqtəsinə çatdı və Azərbaycan parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qaldı. Cəmiyyətdə elə bir ümumi fikir yaranmışdı ki, ölkəni düşdüyü bu ağır vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Xalqımız öz dahi oğlunu təkidlə hakimiyyətə dəvət etdi. 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və bir neçə gündən sonra hakimiyyətin sükanı arxasına keçdi. Bu, sözün əsl mənasında, ölkəmizin taleyində dönüş anı, böyük qurtuluşa doğru atılan mühüm addım oldu. Bu səbəbdən 15 iyun haqlı olaraq tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.
Ulu öndər Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Ümummilli lider problemlərin həlli üçün, ilk növbədə, bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi və buna nail oldu, inkişafın təməllərini qoydu. Bu istiqamətdə ilk addım 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması ilə atıldı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Heydər Əliyev dühasının bəhrələri olan bu nailiyyətlər Azərbaycanı məhv olmaqdan qurtardı, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz etdi. 1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən Konstitusiya qəbul olundu. Beləliklə, ölkədə daha genişmiqyaslı islahatlar aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına start verildi. Əminliklə demək olar ki, Milli Qurtuluş Günü Azərbaycanın xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtularaq sabitliyə, əmin-amanlığa, demokratiyaya qovuşmasının əsasının qoyulduğu gündür.
Ölkəmizin dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycanın ədliyyə sistemi də ulu öndər Heydər Əliyevin diqqətindən kənarda qalmayıb. Belə ki, 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Ümummilli Liderin rəhbərliyi ilə ədliyyə sisteminin inkişafını təmin edən ardıcıl və məqsədyönlü islahatlar həyata keçirilib, nazirliyin səlahiyyətləri genişlənib, cəmiyyətdə rolu artıb.
Bu gün Ümummilli lider Heydər Əliyevin hüquq siyasəti kursunu davam etdirən Prezident İlham Əliyev Azərbaycan Respublikasının hüquq sisteminin və ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə bir sıra mühüm təşəbbüslərlə çıxış edir. Dövlət başçısının məhkəmə fəaliyyətində şəffaflığın təmin olunması, korrupsiya və digər neqativ hallara qarşı mübarizənin gücləndirilməsi ilə bağlı qəti tapşırıq və tövsiyələri bu gün məhz ədliyyə sisteminin inkişaf etdirilməsi üçün atılan mühüm addımlardandır.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi həmçinin icra və probasiya xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi və keyfiyyətinin artırılması, mövcud problemlərinin həlli məsələlərini daim diqqətdə saxlayır. Xidmətin işinin günün tələbləri səviyyəsində qurulması, iş üsul və vasitələrinin təkmilləşdirilməsi, maddi-texniki təchizatının müasir tələblər səviyyəsində yaxşılaşdırılması üzrə ardıcıl tədbirlər görülür.
Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə 2003-cü ildən etibarən Azərbaycanın inkişafında yeni mərhələnin bünövrəsi qoyuldu. Ölkəmiz ötən 19 ildə uğurlu inkişaf yolu keçib, beynəlxalq miqyasda mövqelərimiz daha da möhkəmlənib. 2020-ci ildə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsi nəticəsində işğal altında olan torpaqlarımızı azad etdi, işğalçı ordu məğlub oldu. Bu Qələbə tariximizə qızıl hərflərlə yazıldı. Təbii ki, bu Qələbədə xalq və cəmiyyət olaraq birliyimiz və həmrəyliyimiz də mühüm rol oynadı. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün işğaldan azad olunmuş torpaqlarımızda üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Beləliklə, ulu öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda onun layiqli davamçısı – Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib.
Abusət Qasımov
Bakı şəhəri Nizami rayon İcra
Şöbəsinin icra məmuru, I dərəcəli Ədliyyə qulluqçusu