“Azərbaycan və Türkiyə enerjisi sahəsində regional əməkdaşlığa töhfə verəcək” – RƏY
“Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsi çərçivəsində iqtisadi və enerji sahəsində əməkdaşlıq geniş spektrli müttəfiqlik səviyyəsinə yüksəlib. Hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəniyyət, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensiallarının ümumi maraqların qorunmasında birləşdirilməsi mühüm əhəmiyyət kəsb edir”.
Bu fikirləri açıqlamasında Türkiyənin energetika üzrə eksperti, iqtisad elmləri doktoru Rahmi İncekara bildirib.
O hesab edir ki, Türkiyə və Azərbaycan Şuşa Bəyannaməsi ilə Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadiyyat və nəqliyyat sahəsində bütün əlaqələrin bərpası istiqamətində birgə səylərini davam etdirəcəklər.
Türkiyəli ekspert Şuşa Bəyannaməsinin bir il ərzində verdiyi tarixi fürsətlərdən danışıb: “Türk dövlətlərinin enerji, siyasi, hərbi, strateji və iqtisadi birliyini möhkəmləndirən tarixi Şuşa Bəyannaməsi qarşımızda geniş perspektivlər yaradıb. Eyni zamanda Şuşa Bəyannaməsi ilə gücləndirilən müttəfiqlik Azərbaycanla Türkiyənin qarşılıqlı müdafiə sənayesi texnologiyalarının inkişafına müsbət töhfə verə və nəticədə silah və sursatların təchizində əməkdaşlıq güclənə bilər. Bu, müttəfiqlik, istehsal texnologiyalarını qarşılıqlı şəkildə təşviq edəcək əsas amildir. Beləliklə, iki qardaş ölkə iqtisadi-ticari əlaqələrdə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsinə, gələcək üçün birgə istehsalın qurulmasına, investisiya sahəsində əməkdaşlığa diqqət yetirəcək. Bu baxımdan, Türkiyə və Azərbaycan məhsullarının sərbəst hərəkəti mexanizmləri, mal və xidmətlərin axıcılığı təmin ediləcək”
R.İncekara deyib ki, Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin digər çoxtərəfli iqtisadi mexanizmlərinə də müsbət təsir edir: “Regionun və Avropanın enerji təhlükəsizliyinə töhfə verən, təbii qaz mənbəyinin və marşrutunun şaxələndirilməsini təmin edən strateji Cənub Qaz Dəhlizinin (SGC) həyata keçirilməsi Türkiyə və Azərbaycanın iradəsinin məhsuludur. Düşünürəm ki, tərəflər Cənub Qaz Dəhlizinin səmərəli istifadəsi və gələcək inkişafı üçün səyləri daha da artırmalıdırlar. Şuşa Bəyannaməsinin siyasi, strateji və iqtisadi əhəmiyyəti də ondan ibarətdir ki, gələcək illərdə Azərbaycan və Türkiyə qlobal enerji sektorunda baş verən prosesləri nəzərə almaqla regionun enerji təchizatı təhlükəsizliyinin gücləndirilməsi məqsədilə regional əməkdaşlığa töhfə verəcək və davamlılığın təmin edilməsinə cəhdlər göstərəcək”.