Admiralların şok hesabatı – Türkiyədən niyə qorxduqlarını bir-bir sadaladılar
Türkiyənin Şərqi Aralıq dənizi və Egeydəki qanuni haqlarını qəsb etmək üçün oturduğu hər masada ajiotaj və demaqogiyaya əl atan Yunanıstanın əsl qorxusu üzə çıxıb.
Bu barədə Yunanıstan Baş naziri Kiryakos Mitsotakisin müşaviri vəzifəsini icra edən təqaüdçü admirallar Aleksandris Diakopulos və Nikos Stournarasın hazırladığı “Türkiyə Strateji Muxtariyyət Axtarışında” adlı hesabatda Türkiyənin Aralıq və Egey dənizlərində artan gücünə diqqət çəkiblər.
Sənəddə Şərqi Aralıq dənizinin beynəlxalq dəniz ticarətinin 25 faizini əhatə edən tranzit yolu üzərində olduğu və bu bölgəyə hakim gücün dünyada söz sahibi olan ölkələr arasında olacağı vurğulanıb. Türkiyə Silahlı Qüvvələrinin yerli silahları inkişaf etdirərək imkanlarını artırdığı vurğulanan hesabatda qeyd edilib ki, Ankara güc boşluğunu doldurmağa və beynəlxalq ticarət yollarına hakim olmağa çalışır.
Sənəddə Türkiyənin “Mavi Vətən” doktrinası ilə Avropanı Hind okeanına bağlayan ticarət yollarının keçid nöqtəsi olan Şərqi Aralıq dənizinə və bu fonda Cənub-Şərqi Asiya bazarlarına hakim olmağa çalışdığı deyilib.
Türkiyənin qısa müddətdə beynəlxalq gücə çevrilməsindən narahat olduqlarını bildirən yunan admirallar qeyd ediblər: “Türkiyə Qara dəniz və Süveyş kanalından Mərkəzi Aralıq dənizinə və Avropaya uzanan əsas şərq tranzit yollarına nəzarət edəcək və danılmaz regionlararası gücə çevriləcək”.
Ankara və Liviya hökuməti arasında imzalanmış müqaviləni hədəfə alan yunan rəsmilərin sözlərinə görə, Türkiyə bundan istifadə edərək, təkcə Egey və ya Şərqi Aralıqda deyil, Mərkəzi Aralıq dənizində də gücə çevriləcək. Admirallar artıq Türkiyənin bütün regional məsələlərdə iştirak etdiyi vurğulanıb.
Hesabatda “Mavi Vətən” doktrinasının qitələrarası çəkiyə malik olduğu deyilib: “Türkiyə vaxtilə Osmanlının əlində olan ticarət və dəniz gücünü geri qaytarmaq üçün Aralıq dənizində fəallığını artırıb”.
Hesabatda Qərbin Türkiyə ilə bərabərhüquqlu tərəf kimi danışıqlar apardığı, ona təzyiqdən çəkindiyi qeyd olunub. O da bildirilib ki, Türkiyə regionda ABŞ, Çin və Rusiyanın hesablaşdığı ən mühüm güc və tərəfdaş kimi özünü göstərir.
Hesabatda Prezident Rəcəb Tayyib Ərdoğanın uğurlu xarici siyasətinin Türkiyəni müsəlman dünyasının şəriksiz liderinə çevirdiyi vurğulanıb. Eyni zamanda Türkiyənin Afrikada da öz təsir və nüfuz dairəsini gücləndirdiyi deyilib.