Şamaxıda şagird və müəllimlərin olduğu avtobus qəzaya uğrayıb
Avtobusdakı sərnişinlərin əksəriyyəti orta məktəblərin müəllim və şagirdləri, onların valideynləri olub
Bakı-Şamaxı yolunun Acıdərə adlanan ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə ötən gün saat 23:00 radələrində baş verib. Üzərinə Bakı-Tovuz-Qazax-Qırmızı Körpü yazılmış 90-NL-949 dövlət nömrə nişanlı “Mercedes” markalı sərnişin avtobusu yoldan çıxaraq dəmir arakəsməyə çırpılıb.
Hadisə zamanı Qəbələdən Bakıya gedən və içərisində 55 sərnişindən 6 nəfəri xəsarət alıb. Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Həmçinin, təcili tibbi yardım stansiyasının həkimləri hadisə yerində 10-dan çox sərnişinə ilkin tibbi yardım göstərib.
Qəza nəticəsində xəsarət alan şəxslərin adları məlum olub: Bakı şəhər sakini 1987-ci il təvəllüdlü Quliyev Pərviz Şahsəddin oğlunun idarə etdiyi “Mercedes” markalı avtobus yoldan çıxaraq dəmir arakəsməyə çırpılıb.
Hadisə nəticəsində Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli, Əmircan qəsəbəsi sakinləri 1983-cü il təvəllüdlü Qurbanova Günel Ağamalı qızı, 2016-cı il təvəllüdlü Qurbanova Əsra Samir qızı, 2012-ci il təvəllüdlü Qurbanova Nurgül Samir qızı, 1986-cı il təvəllüdlü Bəşirova Aysel Ağamalı qızı, 1993-cü il təvəllüdlü Abışova Xəyalə Eyyub qızı, 1983-cü il təvəllüdlü Əhmədova Aynur Mirzə qızı, 2012-ci il təvəllüdlü Əhmədova İlayda Ratvin qızı, 2008-ci il təvəllüdlü Əmirxanlı Niman Mahmud oğlu xəsarət aldığı üçün xəstəxanaya yerləşdirilib.
Bakı-Qəbələ-Bakı marşurutu üzrə hərəkət edən avtobusda olan 55 sərnişinin əksəriyyəti orta məktəblərin müəllim və şagirdləri, onların valideynləri olub.
Bakı Şəhər Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov “Facebook” səhifəsində qəzaya düşən avtobusdakı sərnişinlərin Bakı şəhəri 279 nömrəli tam orta məktəbin müəllim və şagird heyəti olduğunu bildirib: “Şamaxı-Bakı yolunda məktəbliləri daşıyan sərnişin avtobusunun qəzaya düşməsi nəticəsində xəsarət alan məktəblilərə ilkin tibbi yardım göstərilib və onlar tibb müəssisələrinə yerləşdirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsi müvafiq qurumlarla birgə xəsarət alanların vəziyyətini nəzarətdə saxlayır. Qəzaya düşən avtobusdakı sərnişinlərin Bakı şəhəri 279 nömrəli tam orta məktəbin müəllim və şagird heyəti olduğu bildirilir. Allah şəfa versin!”/apa.az