Mərkəzi Asiya uğrunda mübarizə qızışır – Rusiya və Çinə qarşı kritik həmlə
Mərkəzi Asiya uğrunda mübarizə genişlənir. Rusiya, Çin, Türkiyə, Avropa İttifaqı və ABŞ Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlığa can atırlar. Mərkəzi Asiya vacib bölgə olmaqla yanaşı, zəngin qaynaqlar və nəqliyyat yolları deməkdir.
Bu barədə “Atlas” araşdırmalar mərkəzinin analitik təhlilində bildirilib.
Məqalədə deyilib ki, Vaşinqton Mərkəzi Asiya ölkələri ilə 5+1 formatında (Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan + ABŞ) əməkdaşlıq edir:
“ABŞ dövlət katibi və onun müşavirləri mütədami bölgəyə səfərlər edir, yaxud videoformatda Mərkəzi Asiya ölkələrindəki həmkarlayla müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparırlar. Eyni üsuldan, 5+1 formatından Pekin də istifadə edir. Çin xarici işlər naziri Van Yi bu günlərdə Qazaxıstana səfər edərək Mərkəzi Asiya ölkələrindəki həmkarlarıyla birgə konfrans keçirib. Mərkəzi Asiya ölkələrinin Çinlə sıx iqtisadi əlaqələri var. Bundan başqa, Çin Mərkəzi Asiya ölkələrinin əsas ticarət tərəfdaşı və investorudur. Çin bunun qarşılığında Mərkəzi Asiya ölkələrindən ucuz neft və qaz alır.
Buna baxmayaraq, təhlükəsizlik sahəsində Çin Mərkəzi Asiya ölkələrinin təminatçısı rolunda çıxış etmir. Mərkəzi Asiya ölkələrinin hər birinin fərqli təhlükəsizlik problemləri var. Məsələn, Qazaxıstanda yanvar ayında çaxnaşmalar baş verəndə Pekin müdaxilə etmədi. Halbuki Rusiya Qazaxıstana KTMT-nin hərbçilərini göndərmişdi”.
Məqalədə bildirilib ki, Rusiya Mərkəzi Asiya ölkələrinə Çin qədər yatırım qoymayıb:
“Çin bu sahədə liderdir. Belə çıxır ki, Rusiya Mərkəzi Asiya ölkələrinin təhlükəsizliyinə cavahdeh olarkən, Çinin bu ölkələrdəki investisiyalarını da qorumuş olur. Bu, Çinin işinə yayayır. Pekin Mərkəzi Asiya ölkələrinin təhlükəsizliyinə maliyyə xərcləmədən Rusiyanın hesabına bölgədəki yatırımlarını qorumuş olur. Digər tərəfdən, Mərkəzi Asiya ölkələrinin vətəndaşları işləmək üçün Çinə deyil, Rusiyaya üz tuturlar. Çinin özünün işçi qüvvəsinin ixracına ehtiyacı var.
Çin Mərkəzi Asiya ölkələrinin nəqliyyat imkanlarından istifadə edərək Avropaya mal ixrac edir. Əvvəlki Rusiya yolu Ukrayna müharibəsinə görə Çin üçün o qədər də əlverişli deyil. Avropanın Rusiyaya qarşı sərt sanskiyaları Rusiyanın tranzit ölkə statusuni zəiflədib. Rusiya və Çin stateji tərəfdaş sayılsalar da, Mərkəzi Asiyadakı maraqlarında fərqli çalarlar var. Mərkəzi Asiya ölkələri iqtisadi zəmində Çindən asılı vəziyyətə düşdükcə, bu, Rusiyanın regional maraqları ilə üst-üstə düşmür”.
Məqalədə o da qeyd olunub ki, Çinin uyğurlara qarşı zorakı siyasəti Mərkəzi Asiya ölkələrinin türk dövlətlərində narazılıqla qarşılanır:
“Doğrudur, türk dövlətləri Pekinlə münasibətləri gərginləşdirməmək üçün bunu açıq səsləndirmirlər, ancaq türk uyğurlara qarşı zülm Mərkəzi Asiya ölkələrinin cəmiyyətlərində mənfi qarşılanır. Çinin Mərkəzi Asiyadakı layihələrində çinli işçi sayını artırması da bölgə ölkələrinin cəmiyyətlərinin xoşuna gəlmir. Buna rəğmən, Pekinin uyğur siyasəti müsbətə doğru dəyişmir”.