Hökumətin maaş, pensiya artımları inflyasiyanın yeminə çevrilib – Xalid Kərimli

 

Hökumət pandemiyanın, qiymət artımlarının, inflyasiyanın əhaliyə mənfi təsirlərinin yumşaldılması məqsədilə pensiyaların, təqaüdlərin, sosial ödənişlərin, eləcə də büdcədən maliyyələşən strukturlarda maaşların artırılmasına əlavə vəsait ayırdı. Amma inflyasiya cilovlanmır, dövlət büdcəsindən artırılan ödənişlərin də əhalinin sosial rifahına heç bir xeyri dəymir.

Qeyd edək ki, 2022-ci ilin dövlət büdcəsində 1 barel neftin qiyməti 50 dollar nəzərdə tutulsa da, bu ilin ötən aylarında orta qiymət hər barel üçün 100 dollardan çox olub. Bu isə həm neft, həm də qeyri-neft sektorundan dövlət büdcəsinə daha çox vəsaitin daxil olmasına imkan yaradıb. Bu da büdcəyə yenidən baxılması zərurəti yaradıb.

Ehtimal olunur ki, büdcəyə dəyişikliklər zamanı sosial sahəyə də əlavə vəsaitin ayrılması nəzərdə tutulur. Bəzi analitiklər hesab edir ki, sözügedən artımlar inflyasiyanı aşağı salmır, əksinə bahalaşmanı dəstəkləyir. Bu baxımdan büdcəyə yenidən baxılması və sosial ödənişlərin artırılması əhəmiyyətsiz görünür.

Maraqlıdır, indiki məqamda hökumət pensiya, təqaüd, maaş və sosial ödənişlərin artımına getməlidirmi?

İqtisadçı Xalid Kərimli bildirib ki, hökumət ilin əvvəlində 1,4 milyon manata qədər resursu inflyasiyanın əhaliyə mənfi təsirlərini azaltmaq məqəsilə ayırıb:

“Ötən ilin oktyabrında Prezident sərəncam verdi ki, dövlət büdcəsində inflyasiyanın neqativ təsirləri nəzərə alınsın. Bu, bahalaşmanın əhaliyə neqativ təsirlərini azaltmaq üçün sosial ödəmələrin artırılmasını nəzərdə tuturdu. Amma son 5 aylıq dövrdə inflyasiya daha da sürətlənib. Son bir illik inflyasiyaya baxsaq görərik ki, hökumətin maaş, pensiya, təqaüd və digər artımları inflyasiyanın yeminə çevrilib. Bir çox mütəxəssislər və hökumətdə təmsil olunan məmurlar bildirdi ki, maaşları, təqaüdləri artırmaq inflyasiya ilə mübarizədə əsas yol deyil. Burada onların mövqe haqlı görünür.

Amma hazırkı dövrdə inflyasiyanın səbəbi məhz əməkhaqqılarının artımı deyil. Mövcud inflyasiyanın əsas drayverləri pandemiyadan sonra yaranmış vəziyyət, eləcə də Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar xaricdən gələn mal və məhsulların logistik xərclərinin artmasıdır. Burada xüsusən də dövlətdən maliyyələşən təbəqəyə, yəni pensiya, təqaüd və əməkhaqqıları alanların ödəmələrinə yenidən baxmaq lazımdır. Məlumdur ki, özəl sektora bu cür icbari tapşırıqlar vermək mümkün deyil”.

 

Analitik hesab edir ki, hazırki inflyasiya ölkəyə xaricdən idxal olunur və proses hələ dayanmayıb: “Deyə bilərlər ki, əməkhaqqılarını və digər sosial ödənişləri artırmayaq, onsuz da inflyasiyanı aşağı salmır. Ancaq bu zaman da insanlarımızın daha da kasıblaşmasına imkan verəcəyik. İnflyasiya ölkəyə əsasən ərzaq inflyasiyası kimi gəlib. Yüksək ərzaq qiymətləri də kasıb camaatın, yəni təqaüd, pensiya, sosial yardım və minimum əməkhaqqı alan şəxslərin büdcəsində yüksək xərc deməkdir. Bu insanlar bəzən gəlirlərinin 60-70 faizini ərzaq xərclərinə yönəltməli olurlar. Ərzaq xərclərinin artması da insanların sosial vəziyyətinin daha da pisləşməsi ilə nəticələnir. İndiki məqamda bu addımlar atılmasa, bilərəkdən əhalinin sosial cəhətdən zəif təbəqəsini inflyasiyanın ağuşuna atmış olacağıq. Bu da ölkənin sosial siyasətinə cavab vermir. Burada əsas problem inflyasiyanın xaricdən idxal olmasıdır. Bu, yaxın 1-2 ilin problemidir. Əgər ölkənin gəlirləri artırsa və xaricdən gələn problemlər də dayanmırsa, bu təsirləri əhaliyə daha az əks etdirmək üçün gəlirlərin artırılmasına gedilməlidir”.

Xalid Kərimlinin sözlərinə görə, əhalinin gəlirlərinin artması dolayısilə özəl sektora da təsir göstərir: “Ərzaq və qeyri-ərzaq malları bahalaşdığı üçün real sektor da öz məhsullarını daha baha qiymətə satmaq məcburiyyətindədirlər. Çünki daha baha istehsal edirlər, xərcləri çoxdur. Əgər onların gəlirləri artmasa, bu sektorun istehsalı etdiyi məhsulların da satışında problem yaranar.

Artıq ölkədə inflyasiya ilə paralel işsizlik problemi də ortaya çıxır. İndiki məqamda dövlət xərcləmələrini artırmaqla həm sosial cəhətdən zəif təbəqənin gəlirlərini müəyyən qədər artıra bilərik, həm də dövriyyədə pul kütləsini artırmaqla real sektorda işgüzar aktivliyi dəstəkləyə bilərik. Əgər insanlar əsas gəlirlərini idxal edilmiş ərzaq məhsullarına sərf edirlərsə, onların başqa məhsulları almağa vəsaiti qalmır. Bu da digər sektorlarda durğunluq yaradır. Gəlir olmalıdır ki, real sektor da məhsullarını satılsın, iş yerlərini saxlasın. Yəni dövlət öz xərcləmələrini, sosial dəstəyini artırmaqla real sektorda işgüzar aktivliyin aşağı düşməsinə imkan vermir.

Təbii ki, idxal inflyasiyası qlobal iqtisadiyyatda baş verən proseslərin nəticəsi olduğuna görə dövlətin ehtiyatlı şəkildə, lakin sosialyönümlü dəstək siyasəti artırılması vacibdir. Bu, iqtisadiyyat və iqtisadi artım üçün də əhəmiyyətlidir”./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password