“Paşinyana vaxt vermək lazımdır, bu halda Rusiya da…” – Professor
“Sergey Lavrov millətçə ermənidir və hər zaman Ermənistanı, onun mövqeyini müdafiə etməyə çalışıb. Bu nə birinci, nə də sonuncu hadisədir. Uzun illərdir ki, biz Lavrovu həm də bu rolda görmüşük. O bu işini indi də davam etdirir. Onun İrəvana etdiyi səfər, verdiyi açıqlama belə deməyə əsas yaradır”.
Bu sözləri hüquq elmləri professoru Rüstəm Məmmədov Rusiya Xarici İşlər naziri Sergey Lavrovun ötən gün baş tutan İrəvan səfərini şərh edərkən deyib .
Bununla belə, professor bildirib ki, Sergey Lavrov istədiyinə nail ola bilməyəcək. O, buna səbəb kimi Rusiyanın hazırda bataqlığın içində olduğunu, beynəlxalq siyasətdən az qala təcrid vəziyyətinə salındığını göstərib və Ukrayna amilini önə çəkib.
Rüstəm Məmmədov əlavə edib ki, hazırda danışıqlar prosesi gedir, bu dialoqda Rusiya ilə yanaşı Avropa İttifaqı da iştirak edir:
“Mən gördüyüm budur ki, Ermənistan əvvəl-axır ram olacaq. Başqa yolu yoxdur. Azərbaycan tərəfi daima ordusuna hərbi təlimlər keçir, öz formasını saxlayır, ən son hərbi yeniliklərlə tanış olur. Ermənilər bizdən yaxşı anlayırlar ki, bu ordu onların atalarını yandırar. Bunu bir dəfə açıq-aydın gördülər”.
Mütəxəssis müharibənin başa çatmasından uzun müddət keçməsinə baxmayaraq sülh müqaviləsinin imzalanmaması, delimitasiya işlərinə başlanılmamasına toxunarkən deyib ki, bir qədər səbrli olmaq, gedən proseslərin nəticəsini gözləmək doğru olardı:
“Bəli, bir qədər gözləmək lazımdır. Nikol Paşinyan hazırda az qala ölkəsində “persona non-grat” elan edilib və bu mövzularda irəliyə doğru addım ata bilmir. O da prosesi tədricən aparmağa çalışır. Bu mənada düşünürəm ki, Paşinyana bir qədər vaxt vermək lazımdır. Paşinyan məsələni tədricən həll etmək yolunu seçəcək. Çünki anlayır ki, geriyə qayıdası yolu da yoxdur. Odur ki, bu prosesi aparmağa məcburdur”./teleqraf.com