SSRİ-dən qalma qaydalar dəyişir? – Əlilliklə bağlı yeni meyarlar
İyulun 1-dən Azərbaycanda əlillik sahəsində yeni meyarların qəbul edilməsi və tətbiq edilməsi mütərəqqi addımdır. Bu, ölkəmizin götürdüyü beynəlxalq öhdəliklərin yerinə yetirilməsi ilə bağlıdır. Çünki Azərbaycan 2008-ci ildə əlillərin hüquqları haqqında BMT Konvensiyasını ratifikasiya edib. Bu Konvensiyanın tələblərindən irəli gələrək əlilliyi olan şəxslərin hüquqları ilə bağlı qanun qəbul edilib.
Bunu Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev deyib.
Onun fikrincə, qəbul edilən qanunlar əlilliyin təyin olunması meyarlarının beynəlxalq standartlara uyğun tətbiq edilməsi üçün öhdəlik qoyur: “Çünki ölkəmizdə əlilliyin təyin olunması ötən əsrin 30-40-cı illərində SSRİ tərəfindən hazırlanmış qaydalar və meyarlara uyğun idi. Bəzi hallarda diaqnozlar dəyişilib, yenilənib və əlavələr edilib. Kriteriyalarda təxminən əmək qabiliyyətinin itirilməsinə uyğunlaşan qaydalar idi. Amma qəbul edilən yeni meyarlarda artıq dərəcələr, qruplar deyil, orqanizmin funksiyasının itirilmə faizinə görə əlillik təyin olunacaq. Bunun müsbət tərəfləri sözsüz ki, çoxdur. Burada əsas müsbət amil odur ki, yalnız üç kateqoriya əsasında bölgü aparılmayacaq. Əlillik artıq daha geniş spektrda müəyyənləşəcək və dərəcələr 30 faizdən, 100 faiz arasında dəyişəcək”.
Komitə sədri hesab edir ki, burada həm də sosial ədalət təmin olunur: “Əlilliyi olan şəxslərin orqanizminin sağlamlığını itirmə dərəcəsinə, faizinə uyğun olaraq pensiya və müavinət almasında da fərqlər yaranacaq. Orqanizminin funksiyasını daha çox itirmiş şəxslər faiz əldə edə biləcəklər. Əlilliyin təyin edilməsi üçün tətbiq edilən klinik vahidlərin, diaqnozların spektoru da genişlənir 2016-cı ildən bu günə qədər 150 diaqnoz əsasında əlillik verilirdisə, indi bunların sayı 600-dən çox olacaq. Bu da daha geniş spektrda vətəndaşların əlillik təminatına imkan verəcək”.
Onun fikrincə, digər bir məsələ isə şəffaflığın yaranması ilə bağlıdır: “Çünki bu meyarlar artıq dərc ediləcək, internet resurslarında yerləşdiriləcək. Öz xəstəliyinin diaqnozunu bilən vətəndaş ekspert müayinəsinə getməmiş hansı faizdə əmək qabilliyətini itirdiyini və nə qədər pensiya alacağını bilmiş olacaq”.
Musa Quliyevə görə, bu məsələ ilə bağlı çox ciddi maarifləndirmə işinə ehtiyac var: “Çünki hər kəs bilməlidir ki, istənilən xəstəlik, yara, xəsarət əlillik dərəcəsi verilməsi üçün əsas olmur. Əlillik o halda təyin edilir ki, orqanizmdə davamlı şəkildə bu və ya digər şəkildə pozuntu baş versin. Bu istiqamətdə də maarifləndirmənin aparılması zəruridir. Səhiyyə orqanları, TƏBİB-in müvafiq qurumları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyində olan Tibbi Sosial Ekspertiza Komissiyalarının həkimləri də daimi olaraq bir-biri ilə ünsiyyətdə olmalıdır. Analizlər, təhlilər, hansı hallarda səhvlərə yol verildiyinə dair məsələlər birlikdə müzakirə edilməlidir. Dünyada olan yeniliklərin tətbiqi də yaxından izlənilməlidir. Bütün bunlar onu göstərir ki, bu sahədə ciddi inqilabi dəyişikliklər ərəfəsindəyik”.
Qeyd edək ki, 2022-ci il iyulun 1-dən ölkəmizdə əlillik sahəsində tətbiq olunacaq yeni meyarlara əsasən, əlillik artıq 3 dərəcə üzrə məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi əsasında, daha əhatəli şəkildə qiymətləndiriləcək. Bu zaman şəxsin özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışına nəzarət etmə, öyrənmə və əmək fəaliyyəti üzrə insanın həyat fəaliyyətinin 7 əsas kateqoriyasının məhdudlaşma dərəcəsi əsas götürüləcək./teleqraf.com