Türkiyə və Rusiya çalışacaq ki, açıq formada üz-üzə gəlməsinlər
“Rusiya və Türkiyənin istəkləri Suriyada fərqlidir. Ukraynada da fərqli mövqelər var. Eləcə də Qafqazla bağlı yanaşmalarda da Moskva və Ankara fərqli yanaşmadan çıxış edirlər. Amma hər halda indiyə qədər Türkiyə və Rusiya müəyyən kompramistlər axtarır və nəticələrə nail olur. Düşünürəm ki, indi də bu kompramistlər üzərində müəyyən müzakirələr aparılır, tərəflər mövqelərini bir-birinə izah edir”.
Bu sözləri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Türkiyə səfəri və aparılan danışıqları şərh edərkən deyib.
Deputat əlavə edib ki, tərəflərin müzakirə edəcəyi bir sıra məsələlər var ki, onların diqqətə alınması vacibdir:
“Məsələn, hazırda Ukrayna taxılının dünya bazarına təhlükəsiz formada çıxarılması məsələsi var və Türkiyə bu prosesdə fəal iştirak edir. Eyni zamanda Ankaradakı görüş zamanı 3+3 təşəbbüsü yenidən gündəmə gətirilib. Yeri gəlmişkən, İran məsələsi yenidən qabardılır. Ehtimal olunur ki, İranın nüvə silahı hazırlamaq üçün kifayət qədər zənginləşdirilən uranı olacaq. Düzdür, Rusiya və Türkiyənin əksər məsələlərdə mövqeləri bir-birinə ziddir, amma bu vaxta qədər çalışıblar ki, əməkdaşlıq üçün imkan saxlanılsın”.
Rasim Musabəyov xatırladıb ki, hazırda Türkiyənin istehlak etdiyi qazın böyük hissəsi Rusiyadan gəlir, eləcə də neftin böyük hissəsi:
“Rusiya Türkiyədə nüvə elektrik stansiyası tikir. Türkiyəyə gələn turistlərin 20-25 faizi Rusiyadan olur. Rusiya özü də türk malları üçün böyük bazardır. Odur ki, həm Ankara, həm də Moskva çalışacaq ki, açıq şəkildə üz-üzə qalmasınlar. Bunun üçün imkanlar da var”.