Rusiyadan dövlət səviyyəsində Azərbaycana qarşı növbəti Qarabağ təxribatı…
Elşad Həsənov: “Bizimlə strateji tərəfdaş olan bu böyük ölkə ərazisindəki erməni lobbisinin bəd əməllərinə ciddi nəzarət etməlidir”
Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi Azərbaycana qarşı növbəti təxribata əl atıb. Rusiyanın Mədəniyyət Nazirliyi erməni rəssam Edmond Petrosyanın iyunun 8-dən 18-dək Moskvada Şərq xalqları Dövlət İncəsənət Muzeyində keçiriləcək “Dağlıq Qarabağın sirləri” adlı sərgisini elan edib.
Rusiyanın rəsmi dövlət agentliyi olan “RİA Novosti”nin Azərbaycanın ərazi bütövlüyünə qarşı son təxribatından sonra bu ölkənin Mədəniyyət Nazirliyinin bu addımı artıq bu cür təhrikçi hərəkətlərin bəlli qruplar tərəfindən idarə edildiyi şübhəsini yaradır.
Bir daha xatırladaq ki, Rusiya lideri Vladimir Putin 2020-ci ildə iki dəfə rəsmi olaraq Dağlıq Qarabağın hər zaman Azərbaycanın tərkib hissəsi olduğunu elan edib.
Azərbaycan isə 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətini de-yure, 2020-ci il 10 noyabrda isə de-fakto ləğv etdiyini, bu münaqişənin keçmişdə qaldığını, artıq həll edildiyini bildirib.
Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur. Azərbaycan Prezidentinin sərəncamı ilə Aran və Dağlıq Qarabağ ərazisində Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonaları yaradılıb.
Belə olan təqdirdə Rusiyanın müəyyən strukturlarının məlum addımlarını necə dəyərləndirmək olar?
Siyasi şərhçi Elşad Həsənov “Bakı-Xəbər”ə açıülamasında bildirdi ki, bu, Rusiyanın ermənilərlə sıx əlaqədə olan və revanşist meyillərə dəstək verən bəzi qüvvələrinin bəd əməlləridir: “44 günlük Qarabağ müharibəsi zamanı bəzi ermənipərəst rus siyasətçiləri, siyasi və hərbi ekspertləri Azərbaycana yönəlik mənfi fikiflər söyləyirdilər. Azərbaycan rəhbərliyinin apardığı balanslı və xoş münasibət, dövlət başçılarının şəxsi təmaslarından doğan yaxınlıq öz sözünü dedi. Rusiya prezidenti Vladimir Putin dəfələrlə bəyan edib ki, Qarabağ Azərbaycan ərazisidir. 44 günlük müharibıdən sonra Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur. Prezidentin sərəncamı ilə həmin ərazidə iki iqtisadi zona yaradılıb. Biz həmin ərazilərdə yaradıcılıq- quruculuq işlərilə məşğul oluruq.
Onu da vurğulayaq ki, 22 fevral 2022-ci ildə Azərbaycanla Rusiya arasında Moskva Bəyannaməsi imzalanıb ki, bu bəyannamənin də birinci bəndi dövlətlərin bir-birinin ərazi bütövlüyünə tam dəstəyini ifadə edir. Buna görə də, bizimlə strateji tərəfdaş olan bu böyük ölkə ərazisindəki erməni lobbisinin bəd əməllərinə ciddi nəzarət etməlidir. Ermənilərin çoxluq təşkil etdiyi KİV və mədəniyyət sahəsində güclü anti-Azərbaycan təbliğatı aparılır. Bu cür hallar ölkələrimiz arasındakı münasibətlərə mənfi təsir edir. Azərbaycan ictimaiyyəti haqlı olaraq bu cür addımlara öz etirazını bildirir. Həmin sərginin adı təcili dəyişməlidir”.