Aclıq olmasın deyə hökumət bu addımları atmalıdır – ÇIXIŞ YOLLARI
“Ötən illə müqayisədə bu il ölkədə ərzaqların, meyvə-tərəvəzin qiymətində xeyli artım müşahidə olunur. Qiymətlər qalxmaqda davam edir. Maaşlar, təqaüdlər çox aşağı olduğu üçün əhalinin rifahı, dolanışığı ilə bağlı ciddi problemlər yaşanır”.
Bunu açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
Ekspert bildirib ki, əhalinin müəyyən hissəsinin gəlirləri aşağı səviyyədə olduğu üçün ərzaq məhsullarının qiymətində müşahidə olunan artım bu ailələrin vəziyyətinin daha da ağırlaşmasına səbəb olur:
“Qida məhsullarının qiymətinin qalxması əməkhaqqı aşağı olan ailələrin vəziyyətini çətinləşdirib. İnsanlar korluq içində dolanır. Hökumət ya maaş və təqaüdləri artırılmalı, ya da vergi və gömrük rüsumlarını aşağı endirilməlidir. Biznes azadlıqları artırılmalıdır ki, insanlar özləri çox pul qazana bilsin və ya dövlətin ödənişlərinə yenidən baxılmalıdır. Hazırki məqamda maaşların, təqaüdlərin artırılmasına ehtiyac duyulur. İstehsal aşağı səviyyədədir, ölkəyə gətirilən malların, məhsulların həcmində müəyyən problemlər var. İnhisarçılıq problemi də mövcuddur. Vergi və rüsumlar yüksəkdir. Bu da dolanışığa təsir göstərir. Hökumətin yeni sosial, iqtisadi konsepsiya düşünüb ərsəyə gətirməsinə ehtiyac yaranıb”.
N. Cəfərlinin dediyinə görə, vəziyyətdən ən yaxşı çıxış yolu yerli istehsalın artırılmasıdır. Yerli istehsal çox olsa bolluq olar. Bu da bəzi məhsulların, xüsusilə də meyvə-tərəvəzin qiymətinin aşağı düşməsinə səbəb olar:
“Azərbaycanda yerli istehsalın artırılması üçün imkanlar da genişlənib. İşğaldan azad olunmuş torpaqların iqtisadiyyata, kənd təsərrüfatına qazandırılması müəyyən dərəcədə bu problemin daxili imkanlar hesabına həllində ciddi potensial yaradır. Bu potensialı doğru-düzgün istifadə etmək lazımdır”.
İqtisadçı qeyd edib ki, hökumət ciddi təşfiq proqramları və ərzaq təhlükəsizliyi ilə məşğul olan şəxslərə, şirkətlərə güzəştlər tətbiq etməlidir:
“İstehsalçıların uzunmüddətli aşağı faizli kreditlərə çıxış imkanları olmalıdır. Bütün bunlar orta və uzun vədəli həll yollarıdır. Amma indiki vəziyyətdə qiymət artımının qarşısını almaq üçün tez görülə biləcək işlər də var. Heç olmasa bu ilin sonuna qədər bütün növ ərzaq məhsulları üzrə gömrük rüsumları və ƏDV ləğv edilməlidir. Bu, Azərbaycanda qiymət artımının qarşısını ala, müəyyən dərəcədə bolluq yarada biləcək amilə çevrilə bilər”./bakupost.az