“Rusiya təşəbbüsü əlində saxlayır, lakin strateji hədəfə nail olmayıb” – Britaniya kəşfiyyatı
“Rusiya qüvvələri Kiyevi və Ukraynanın hökumət mərkəzlərini ələ keçirmək kimi ilkin məqsədlərinə nail ola bilməyib. İlkin planın uğursuzluğundan sonra, yanlış planlaşdırma və zəif taktiki icradan dolayı Rusiya öz əməliyyat planını Donbasa kökləyib”.
Bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.
“Rusiya indi Donbasda taktiki uğur əldə edir. Rusiya qüvvələrinin hazırda Ukrayna üzərində təşəbbüsü əlində saxladığı görünür. Rusiya Luqansk vilayətinin 90 %-nə nəzarət edir və çox güman ki, yaxın iki həftə ərzində nəzarəti tamamlayacaq. Rusiya bu yaxınlarda əldə etdiyi bu taktiki uğurları əhəmiyyətli resurs bahasına və gücü ümumi hərbi kampaniyanın bir hissəsində cəmləməklə əldə edib. Rusiya digər cəbhələrdə və ya istiqamətlərdə manevr edə və ya irəliləyə bilməyib, hamısı müdafiəyə keçib.
Rusiyanın ilkin planı ilə ölçülən strateji hədəflərin heç birinə nail olunmayıb. Rusiyanın istənilən formada uğur əldə etməsi üçün davamlı olaraq böyük işçi qüvvəsi və avadanlıq sərmayəsi tələb olunacaq və çox güman ki, daha çox vaxt tələb olunacaq”, – nazirlik bildirib.