““Şlyapa Zahid” getdi, Nəcməddinin həbsi isə Ukraynadakı savaşın nəticəsindən asılıdır…”
““ŞlyapaZahid” deyilən Zahid Niftəliyevi hələ I Qarabağ savaşı zamanı, 1992- ci ilin yayından o vaxt 703 saylı briqadanın komandiri olan Nəcməddin Sadıkovun yanında görmüşdüm. Onda Zahid Nəcməddinin sürücüsü idi. Bir müddət keçdikdə korpus komandiri və Baş Qərargah rəisi olandan sonra Nəcməddin ona qol-qanad verdi, bütün “qara” işlərini; kadr “siyasət”ini, hərbi komissarlıqlardan haqq alıb-verməyi Zahid həll edirdi. Pul-paranın hamısını o toplayıb çatdırırdı. Özü də Zahid Niftəliyev hərbçi deyildi, mülki idi…”.
“Son illərədək “Şlyapa Zahid” hər hansı idarə rəisi, hərbi hissə komandiri, eləcə də hərbi komissarlıq rəhbərinin və s. yanına girib ona Nəcməddinin adından istənilən göstərişi verir, birini vəzifəyə qoydurur, o birini çıxardır, “hesab” alırdı. O, Baş Qərargah rəisinin qeyri-rəsmi səlahiyyətli nümayəndəsi idi. Hansısa idarə rəhbəri, komandir, hərbi komissar nəyəsə yox deyəndə Nəcməddin Sadıkov onu bir neçə gün içərisində sıradan çıxarırdı. Ona görə də hamı bilirdi ki, Zahid gəldi, yaxud Nəcməddin gəldi – fərqi yoxdur…
Amma mən nazirlikdə işləyən zaman “Şlyapa Zahid” həmişə məndən ehtiyat edərək məsafə saxlayırdı. Çünki bilirdi ki, onun şefinin də, özünün də bütün qaranlıq işlərindən xəbərdaram, sadəcə, onların qarşısını almağa yetərli səlahiyyət və gücüm yoxdur”- deyə polkovnik bildirib.
“Bir şeyi də bilmək lazımdır ki, 1990-cı illərin əvvəllərindən bəri Azərbaycan Silahlı Qüvvələrinin inkişaf prosesini əngəlləyən yalnız Nəcməddin Sadıkov olmayıb, bəzi keçmiş nazirlərin özü də ona yardımçı olub. Bu, Rusiyadan, Moskvadan idarə olunan proses idi. Əvvəllər Nəcməddin bəzi məsələlərdə nazirlə qarşıdurmaya getsə də, əslində hər ikisi bir yerdə Kremlə işləyir, eyni vəzifəni – Azərbaycan ordusunu çökdürmək vəzifəsini icra edirdilər… Amma Zahid Niftəliyevin həbsindən sonra mənim də haqq-ədalətin bir az gec də olsa, qalib gələcəyinə inamımı artırıb”- açıqlamasının davamında bunları söyləyən sabiq nazir müavini “Bundan sonra adı bir çox hərbi əməliyyatların uğursuzluğunda, eyni zamanda korrupsiya cinayətlərində hallanan keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun həbsi ehtimalı artırmı, yoxsa?” sualını da cavablandırıb.
“”Şlyapa Zahid” getdi… Ancaq Nəcməddin Sadıkovun həbsi Ukraynadakı müharibənin nəticəsindən asılıdır. Biz nə qədər Kremlin, Putinin təsirindən uzaq olsaq, Nəcməddinin və digərlərinin həbsi şansı bir o qədər artacaq. Əgər Rusiya orada hərbi və siyasi mənada tam məğlub olsa, Azərbaycanda nəinki Nəcməddin, Kremlin “5-ci kalon”unun bütün nümayəndələri “buldozerin ağzına veriləcək”… Yox, Allah eləməmiş, Moskva – Putin Ukraynada qalib çıxsa, onda Nəcməddin də, bütövlükdə “5-ci kalon” da burada yenidən hökmranlıq əldə edə və Azərbaycan üçün daha təhlükəli oyunlar oynaya bilərlər… Odur ki, biz hələlik Rusiya ilə ehtiyatlı davranmalıyıq… Biri səndən güclüdürsə, xalqına, dövlətinə daha ağır zərbələr vurulmaması üçün onunla siyasi-diplomatik “dostluq” etmək lazımdır. Gerçək dost olmasaq da, dostluq imitasiyasını etməliyik… Düzdü, qardaş Türkiyə dağ kimi arxamızda dayanıb. Ancaq bu o demək deyil ki, biz Rusiya ilə Türkiyəni kəllə-kəlləyə gətirməliyik… Həm də indiki dünyada heç nəyə arxayın olmaq olmaz… Azərbaycanın bəxti bir də onda gətirib ki, onun dövlət başçısı fizik, yaxud maliyyəçi yox, sırf beynəlxalq diplomatiya, siyasət peşəkarıdır. Kiminlə necə münasibət qurmağı o, hamıdan yaxşı bilir” – deyə Mehman Səlimov vurğulayıb./moderator.az