“Azərbaycanda vahid kino ittifaqı olmalıdır” – Xalq artisti

 

Xəbər verdiyimiz kimi Xalq artisti Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib.

Xalq artisti ittifaqın gələcək planlarından danışıb, eləcə də, təəssüratlarını bölüşüb.

O bildirib ki, ilkin olaraq qrafik hazırlanacaq:

“Katibliklə yığışıb qrafiq hazırlayacağıq. Hazırda kino aləmində durğunluqdur, kino çəkilmir, kino çəkən adamlar dağılışıb. Bizim də bir ittifaq olaraq kino çəkilişinə birbaşa qarışmaq səlahiyyətimiz yoxdur, biz ancaq tövsiyə, məsləhət xarakterli işlər görə bilərik. Amma kino olmayandan sonra heç onun ittifaqı da lazım deyil. Çünki bir növ kinonun əsasında kino adamları birləşir. İttifaq da, təbii ki, onların birləşdiyi təşkilatdır.

Bu yaxınlarda hansısa təşkilatı, idarələri yoxlayırdılar. Eşitdiyimə görə, orada müəyyən çatışmazlıqlar olub, kino pulları dağıdılıb, kinoya ayrılan pullar lazım olmayan yerlərə xərclənib. Bütün bunlara səlahiyyətimiz yoxdur. Bizim əsas işimiz, ali məqsədimiz odur ki, Azərbaycanda kino çəkilsin.

Köhnə nəsildən bəzi nümayəndələr qalıb. Yeni nəslə meydan vermək, filmlər vermək lazımdır. Bütün bunlar haqda bizim müəyyən tövsiyə xarakterli işlərimiz olacaq. Çalışacağıq ki, istedadlı gəncləri ortaya çıxaraq, onların arxasında duraq. O baxımdan müəyyən bir iş cədvəli hazırlamalıyıq və bunun əsasında çalışmalıyıq”.

Rasim Balayev 2013-cü ildə yaradılan, Xalq artisti Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi ittifaqın onun sədrliyindəki qurumla birləşməsi məsələsindən də danışıb:

“Mənə elə gəlir ki, bu nə vaxtsa olmalıdır. Çünki bir respublikada iki ittifaq ola bilməz. Bu, birmənalıdır. Amma onu nə vaxt edəcəklər, bilmirəm. Prinsipcə, Azərbaycanda kinonun böhran keçirən bir vaxtında bu, yanlışdır. Azərbaycanda vahid kino ittifaqı olmalıdır” , – Xalq artisti əlavə edib./qafqazinfo.az

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password