Putin Ukraynaya görə “iki dünya arasında ilişib qalıb” – “The Washington Post”
“Rusiya Federasiyasının prezidenti Vladimir Putin Ukraynaya görə “iki dünya arasında ilişib qalıb”. O, reputasiyasını qoruyub saxlamaq üçün nə qalib gəlir, nə də geri çəkilir”.
Bu fikirlər “The Washington Post” nəşrində yer alıb.
Mənbə xatırladır ki, Ukraynadakı “xüsusi əməliyyat”ı tənqid edən və onu işğal adlandıran rusları 15 ilə qədər həbs gözləyir, lakin Kremlin hərəkətlərinin bəyənilməməsi getdikcə üzə çıxır.
Nəşr qeyd edib ki, “hərbi şahinlər” Rusiya hakimiyyətinin kifayət qədər aqressiv olmadığını, bəzi hərbi qulluqçular və siyasətçilər isə qan tökülməsində iştirak etmək istəmədiyini iddia edirlər.
Rusiya Hərbi Məhkəməsi bağlı qapılar arxasında qərar çıxarıb ki, 115 hərbçi “xüsusi əməliyyat”da iştirakdan imtina etdikləri üçün qanuni olaraq işdən çıxarılıb. Rusiyanın İnterfaks xəbər agentliyi xəbər verir ki, qərardan şikayət verilə bilər.
Cümə günü Uzaq Şərqin Vladivostok liman şəhərində yerli Kommunist Partiyasının deputatı Leonid Vasyukeviç Rusiya hakimiyyətindən Ukrayna ərazisində hərbi əməliyyatları dayandırmağı və qoşunlarını geri çəkməyi tələb edib.
“Biz başa düşürük ki, hərbi əməliyyat dayandırılmasa, ölkəmizdə daha çox uşaq yetim qalacaq”. Bəyanatda belə deyilir.
Bu arada aprel ayında Kiyev və Çerniqov vilayətlərindən qoşunları çıxardığına görə Kremli tənqid edənlər də var. Onlar, həmçinin Rusiyanın Donbasda Severski Donets çayının yaxınlığındakı əməliyyatın uğursuzluğundan şoka düşüblər.
Xatırladaq ki, həmin əməliyyat zamanı 485 rus hərbçisi məhv edilib, 80 zirehli texnika sıradan çıxarılıb./konkret.az