İlham Əliyev Əziz Səncər və Selçuk Bayraktarı gənclərə nümunə göstərib
“Bu gün TESKNOFEST festivalı bizim birliyimizin növbəti nümayişidir, onun təzahürüdür”.
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev “TEKNOFEST Azərbaycan” Festivalında çıxışı zamanı deyib.
“Teknofest” elm, inkişaf, bilik, texnologiya bayramıdır. Festivalda iştirak edən gənclər əminəm ki, bu tarixi hər zaman yadda saxlayacaqlar. Bir neçə gün bərabər olan Türkiyə və Azərbaycan gəncləri artıq bir ailə kimi bir-birinə yaxın oldu, bir-birini tanıdı və əminəm ki, gələcəkdə də daim bir yerdə olacaqlar. Festivala Əziz Səncər də təşrif buyurdu. Əziz Səncərlə əvvəlki görüşümü xatırlayıram, mənə dedi ki, onun hər zaman böyük arzusu var idi: Şuşaya getmək. Mənimlə görüşdən sonra Şuşaya getmişdi. Bildirmişdi ki, artıq həyatda nəyə nail olmaq istəmişəmsə olmuşam, Şuşanı da gördüm və bizi də çox xoşbəxt etdi. Gənclər üçün Əziz Səncər kimi insanlar örnəkdir, nümunədir. Həm alim, həm vətəndaş, həm türkçü, həm də vətənpərvər insan. Siz gənclər Əziz bəyə oxşamağa çalışmalısınız.
Bu gün eyni zamanda Selçuk Bayraktarı səmimiyyətlə salamlamaq istəyirəm. Selçuk bəy nəinki “TEKNOFEST”in təşkilatçısı və təşəbbüskarı, eyni zamanda Selçuk bəy və Bayraktar ailəsi dünyada məşhur ailədir. İkinci Qarabağ savaşında məşhur “Bayraktar” sihalarının rolunu indi dünyada bilməyən yoxdur. Selçuk bəy dünən Şuşada idi. Əminəm ki, Şuşanı görərkən bir daha gördü ki, Azərbaycan və Türkiyə istənilən qarşıda duran vəzifəni icra etməyə hazırdır, buna qadirdir. Xalqlarımız fədakarcasına öz milli qürurunu müdafiə etmək üçün, təmin etmək üçün hər zaman hər bir addıma hazırdır. Gənclər üçün Selçuk bəy də gözəl nümunədir, örnəkdir. Əminəm ki, bizim gənclərimiz Selçuk bəy kimi olmağa çalışacaqlar”, – İlham Əliyev qeyd edib.