Erməni müxalifəti sülh prosesini poza bilərmi? “Ki-Uest razılaşmaları zamanı da belə oldu“
“Ermənistanla bu problemi onilliklərdir yaşayırıq”.
Bu sözləri açıqlamasında siyasi şərhçi Nadir Şəfiyev deyib.
O, son Brüssel görüşündən sonra erməni müxalifətinin getdikcə şiddətlənən etiraz aksiyalarından söz açıb:
“Tarixən Azərbaycanla Ermənistan hansısa razılığa gəlməyə yaxın olanda Ermənistanda vəziyyət gərginləşib. Ermənistanı idarə edən qüvvələr planlı şəkildə çaxnaşma salıb razılaşmaları pozublar. İndi də eyni şey baş verir.
Yadınızdadırsa, Ki-Uest razılaşmaları zamanı da belə oldu. Daha sonralar gah Koçaryanın, gah da Sarkisyanın vaxtında hansısa razılaşmalara gəlinir və hansısa istiqamətdə müəyyən ilk addımlar atılır, lakin sonradan Ermənistan rəhbərliyi elə şərtlər irəli sürürdü ki, onu yerinə yetirmək qeyri-mümkün idi”.
Nadir Şəfiyevin sözlərinə görə, hazırda Ermənistanın rəhbərliyi şərtlər irəli sürə bilmir:
“Əsas moderator Rusiya idi, lakin indi moderator kimi Aİ çıxış edir. Bütün dünya görür ki, Azərbaycan real olaraq bölgədə geniş sülh prosesinin vüsət almasını və bölgənin inkişafını həyata keçirməyə çalışır. Hamı bilir ki, proses pozularsa, Ermənistan tərəfindən pozulacaq. Ermənistan hökumətinin başqa çıxış yolu tapmayıb, odur ki, razılaşıb.
İndi başqa bir ssenari işə düşə bilər: Ermənistan müxalifətinin əli ilə sülh prosesin pozulması”.
Ekspert vurğulayıb ki, hər şey Paşinyan hökumətinin nə dərəcədə səmimi və güclü olmasından asılı olacaq:
“Əgər Paşinyan doğrudan da erməni xalqının rifahının yaxşılaşdırılmasını, rahat dolanışığını, bölgənin inkişafını, onların və bizim balalarımızın rahat gələcəyini təmin etmək istəyirsə, buna getməlidir. Amma vəziyyət çox gərgin ola bilər. Çünki Ermənistan müxalifəti və Ermənistanın ən radikal qüvvələri diaspora bağlıdır. Onlar nə müharibədə ölür, nə də Ermənistandakı aclıq və səfalətdən əziyyət çəkir. Onlar xaricdə öz pullarını qazanır və bir qismini müəyyən fondlara köçürərək siyasətlərini həyata keçirməyə çalışırlar.
Bax, bu olmazsa, Paşinyan hökuməti şərtlərlə razılaşacaq. Çünki şərtlərimiz hər iki tərəfin maraqlarına uyğundur”, – deyə müsahibimiz fikirlərini yekunlaşdırıb./yenisabah.az