“İrəvan regionda sülh və təhlükəsizliklə bağlı razılaşmalara ciddi yanaşmalıdır”
“Azərbaycan və Ermənistan rəhbərliyi arasında Avropa İttifaqı (Aİ) tərəfindən təşkil olunmuş müzakirələr itkin düşmüş şəxslərin taleyi, humanitar yardımın perspektivləri və minalardan təmizləmə prosesi kimi mühüm aspektlər fonunda baş tutub”.
Bunu Qlobal və Strateji Araşdırmalar Mərkəzinin (CGSS, Pakistan) icraçı direktoru Xalid Taymur Əkrəm deyib.
“Azərbaycanın azadlıq və sülh yolu ilə həllə sadiq qalması təqdirəlayiq haldır. Belə ki, ölkə rəhbərliyi Zəngəzur dəhlizi ilə kommunikasiyalara və regional əlaqələrə başlamaq təklifini irəli sürüb. Hesab edirəm ki, nəqliyyat əlaqəsi iqtisadi artım üçün yeni yollar açacaq, həmçinin ümumi problemləri həlli edəcək. Azərbaycanın bu səyləri bütün dünyada təqdir edilməli və qiymətləndirilməlidir”, – o bildirib.
Ekspert vurğulayıb ki, Azərbaycan heç bir xarici maliyyə yardımı olmadan işğaldan azad edilmiş ərazilərin infrastrukturunun bərpası prosesinə başlayıb: “Biz qardaş ölkə Azərbaycanla fəxr edirik. Çünki şəhərlərini azad etdi və indi onları rəqəmsal texnologiyalar əsasında bərpa edəcək”.
X.T.Əkrəm diqqətə çatdırıb ki, Ermənistan öz növbəsində Azərbaycana mina sahələrinin xəritələrini verməli və bu ölkə ilə əməkdaşlıq etməlidir: “İrəvan rəhbərliyi regionda sülh və təhlükəsizliklə bağlı razılaşmalara ciddi yanaşmalı və daha yaxşı gələcək üçün çalışmalıdır”.
Onun sözlərinə görə, Aİ Azərbaycan və Ermənistanı dövlətlərarası əməkdaşlıq üçün neytral platforma ilə təmin etmək üçün səyləri gücləndirə bilər.
Xatırladaq ki, bu il mayın 22-də Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşüb./report.az