Bakı və İrəvan arasında şok anlaşma – Brüssel görüşündə diqqətçəkən nüans

 

“Avropa Birliyi şurasının rəhbəri, Azərbaycan və Ermənistan liderləri arasında gözlənilən görüş baş tutdu. Görüşün beş saat davam etməsi dialoqun asan olmadığının, tərəflər arasında ciddi müzakirələrin, fikir mübadiləsinin aparıldığının göstəricisidir. Bununla belə, Şarl Mişel və Paşinyan Qarabağdakı ermənilərə siyasi statusun verilməyəcəyi ilə barışdı”.

Bunları “Bakı” politoloqlar klubunun sədri, siyasi ekspert Zaur Məmmədov deyib.

Ekspertin fikrincə, Azərbaycan və Ermənistan arasında İrəvanın Moskvadan siyasi-iqtisadi asıllığını, Ermənistan sərhədlərinin rus hərbçiləri tərəfindən qorunmasını və rus sülhməramlılarının Qarabağda olduqlarını nəzərə alaraq, iki tərəf arasında sülh müqaviləsinin imzalanması və delimitasiya-demarkasiya haqqında yekun razılaşma indiki durumda Avropa platformasında asan məsələ deyil:

“Bununla belə, hazırda vacib nüanslardan biri Ermənistanda Paşinyanın mövqeyinin zəifləməməsi, onun bloku ilə dialoqun davam etdirilməsi nəticəsində Ermənistanı Türkiyə və Qərbə yaxınlaşdırmaqdır. Görüşə gəldikdə, ilk növbədə onu demək olar ki, yaxın günlərdə delimitasiya komissiyasının Azərbaycan-Ermənistan sərhədində görüşünün keçirilməsi barədə razılıq əldə edilib. Xatırladım ki, mayda İrəvan iki dəfə bu görüşdən imtina edib. Paşinyan bu dəfə görüşə razılıq verməyə vadar edildi.

Delimitasiya-demarkasiya olduqca vacib məsələ olduğundan Rusiya Brüssel platformasına qısqanclıqda yanaşacaq. Köçəryan və onun komandasının sərhəddə ciddi təxribatlar törədəcəyi istisna deyil. Yeri gəlmişkən, aprel danışıqlarından sonra müntəzəm olaraq Kəlbəcərdə təxribatların şahidi oluruq. “Qarabağ klanı”nın məqsədi təxribat törədərək Azərbaycan hərbçilərinin irəliləməsinə nail olmaq, bununla da Nikola qarşı çevriliş planı üçün münbit zəmin yaratmaqdır. Amma Bakı səbrli və soyuqqanlı davranaraq revanşistlərin istəklərini gözlərində qoyur”.

 

İkinci məsələyə gəldikdə, Zaur Məmmədov bildirib ki, tərəflər nəqliyyat əlaqələrinin bərpasının zəruriliyi ilə razılaşıb:

“Beləliklə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında, həmçinin Azərbaycan ərazisindən Ermənistanın ayrı-ayrı bölgələrinə və iki ölkənin kommunikasiya infrastrukturu ilə beynəlxalq daşımaların tranzitinin idarə olunması barədə əsas prinsipləri razılaşdırıblar. Güman edirəm ki, əsas müzakirə predmetlərindən biri Qərbi Zəngəzurda tranzit və kommunikasiyanın hansı qaydayla həyata keçirilməsi olacaq. Bu kontekstdə beynəlxalq daşımalar, sərhədlərdə qurulacaq keçid məntəqələrinin xüsusiyyətləri, giriş (torpaq) haqqı, gömrük rüsumları, güzəştli kommunikasiya-nəqliyyat və s. kimi istiqamətlər iki tərəfin görüşlərinin əsas müzakirə mövzuları olacaq.

Üçüncüsü, liderlər Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh sazişinin müzakirələrini davam etdirmək üçün razılığa gəliblər. Məlumdur ki, sülh sazişi və sülh danışıqları uzunmüddətli prosesdir və qısa vaxtda nəticənin əldə edilməsi gözlənilən deyil. Amma öz-özülüyündə görüşlərdə sülh ifadələrinin istifadəsi müsbət addımdır. Görüşün əsas nəticəsi isə, sözsüz ki, Paşinyanın məğlubiyyətlə razılaşması və Qarabağ gündəliyinin səsləndirilməməsi ilə bağlı oldu. Bu kontekstdə, Avropa Birliyi və Ermənistan Qarabağın dağlıq hissəsindəki ermənilərin “xalqların gələcək müqqədaratı”, “müstəqillik”, “siyasi status” kimi ifadələrdən imtina etdi. Maksimum mədəni strukturlaşmadan söhbət gedə bilər. Bu isə aydın məsələdir ki, reallıqda heç nədir.

Beləliklə, Ermənistan tərəfinin üzərinə götürdüyü öhdəliklər bunlardır: nəqliyyat xətlərinin açılması, Azərbaycan sərhədlərini və Qarabağın Azərbaycan ərazisi olduğunu tanımaq. Beləliklə, Qərb platformasında səsləndirilən fikirlərin hər biri Azərbaycanın lehinədir”./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password