“Putinin B planı da iflasa uğradı…” – Rusiyanın Ukraynada artıq bu planından da vaz keçdiyi açıqlandı
ABŞ-ın “Vaşinqton Post” qəzetində redaksiya heyəti adından “Rusiya uduzur. Bu, Putini daha da təhlükəli edə bilər” başlıqlı məqalə dərc olunub.
Novator.az saytı məqaləni ingiliscədən çevirib. Məqaləni təqdim edirik:
Ukraynada qanlı müharibənin sonu görünmür, ancaq savaş dalğasının açıq şəkildə işğalçı Rusiyanın ziyanına dəyişdiyi də hiss olunur.
Paytaxt Kiyevi ala bilməyən Prezident Vladimir Putinin ordusunun may ayında daha güclü hücuma keçmək üçün Ukraynanın cənubunda və şərqində yenidən toparlanacağı gözlənirdi.
Artıq may ayının yarıdan çoxu geridə qalıb. Rusiyanın B planının da iflasa uğradığı göz qabağındadır.
Rusiya Qərbin vaxtında iri həcmdə göndərdiyi silahlarla gücləndirilmiş ukraynalıların sərt müqaviməti ilə üzləşib.
Deyilənə görə, rus ordusu Ukraynanın ikinci böyük şəhəri olan Xarkovun da bəzi hissələrindən beynəlxalq sərhədə doğru geri çəkilməyə məcbur olub. Vaşinqtonda yerləşən Müharibə Araşdırmaları İnstitutunun mayın 15-də yaydığı açıqlamada vurğulanır ki, çox güman, Rusiya Ukraynanın şərqindəki bütün hərbi hissələri tam mühasirəyə almaq planından da vaz keçib.
İndi, deyəsən, Rusiya Ukraynanın Luqansk vilayətini ələ keçirmək niyyətindədir. Hətta Rusiyanın tükənmiş, zəif idarə olunan qüvvələrinin buna da gücü yetməyə bilər.
Ukraynanın əks-hücumları gücləndirəcəyi isə hazırda daha çox ehtimal olunan variantdır. Belə gedişat Ukraynanın cənub və şərq bölgəsində Rusiyanın işğal etdiyi ərazilərin də Kiyevin nəzarətinə qayıtması ilə nəticələnə bilər. Bu baş versə, Putinin strateji uğursuzluğu daha da dərinləşəcək. Ona görə Ukraynanın tərəfdaşları – ABŞ, Avropa və digər dövlətlər yekdilliklə bu variantın reallaşmasına çalışmalıdır.
Son günlər Fransa, Almaniya və İtaliya belə bir təklif irəli sürüblər. Onların bu dağıdıcı müharibənin qarşısını almaq, həm Ukraynaya, həm də öz iqtisadiyyatlarına dəyən zərəri mümkün qədər tez aradan qaldırmaq istəyi başadüşüləndir. Bu ölkələrin Kiyevə şərt qoymayacağı barədə vədlərinin araxasında da, şübhəsiz, xoş niyyət dayanır.
Amma Putin tamam zəifləyib əldə düşməyincə ona qarşı təzyiqləri azaltmaq çox riskli addım olardı.
ABŞ Milli Kəşfiyyatının direktoru Evril Heynsin mayın 10-da Konqresdə dedikləri də belə riskin mövcudluğunu təsdiqləyir.
Konqresə müraciətində Evril Heyns bildirib ki, ABŞ kəşfiyyatı ən azı yaxın perspektivdə danışıqlar üçün əlverişli bir variant görmür.
Putinin münaqişəni uzatmağa hazırlaşdığını vurğulayan Evril Heyns Rusiyanın hələ də hərbi əməliyyatların mərkəzində olan şərq bölgəsindən – Donbasdan kənardakı hədəflərə çatmaq niyyətindən daşınmadığını bəyan edib.
Evril Heyns Rusiyanın vicdanlı sövdələşmə variantından daha çox radikal vasitələrə – hərbi əməliyyatları gücləndirməyə, ölkədə hərbi vəziyyət elan etməyə, sənayedə istehsalın istiqamətini dəyişməyə meylli olduğunu bildirib.
Rusiyanın nüvə silahı və kimyəvi silah ehtiyatını nəzərə alanda Putinin hərbi əməliyyatları genişləndirmək planının arxasında daha bədxah niyyətlərin dayandığını da düşünmək mümkündür.
Evril Heynsin gümanına görə, Putin ABŞ və Avropa İttifaqının ərzaq qıtlığını, inflyasiyanı və enerji qiymətlərinin bahalaşmasını görüb geri çəkiləcəyinə ümid edir.
NATO liderləri Putinə belə bir strategiyaya ümid bəsləmək üçün heç bir əsas verməməlidirlər.